"Nəqliyyat sistemi artıq məlumatlara əsaslanan idarəetmə modelinə keçir" - EKSPERT DANIŞDI

"Hazırda ölkəmizdə ödəniş sistemləri artıq rəqəmsal formada tətbiq olunur. Nağdsız və kontaktsız ödəniş mexanizmləri pul dövriyyəsini sürətləndirir, ictimai nəqliyyatda gecikmələri azaldır və ümumi idarəetmə xərclərini aşağı salır".

Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, logistika və yük daşımaları sahəsində tətbiq olunan rəqəmsal həllər marşrutların optimallaşdırılmasına, yanacaq sərfiyyatının azalmasına və təchizat zəncirində şəffaflığın artmasına xidmət edir: "Ümumilikdə, bu texnoloji yeniliklərin əsas təsiri ondan ibarətdir ki, nəqliyyat sistemi artıq daha çox məlumatlara əsaslanan, operativ qərarvermə qabiliyyəti yüksək olan və resurslardan maksimum səmərə ilə istifadə edən bir sistemə çevrilir. Bu isə həm iqtisadi baxımdan qənaət, həm də sosial baxımdan daha komfortlu və təhlükəsiz mühit deməkdir.

Gələcək perspektivdə isə süni intellektin nəqliyyat sistemlərinə inteqrasiyası yeni bir mərhələnin başlanğıcı olacaq. Bu, “ağıllı şəhər” modelinin daha da inkişaf etməsinə gətirib çıxaracaq.

Süni intellekt böyük həcmli məlumatları analiz edərək tıxacların yaranma ehtimalını əvvəlcədən müəyyən edəcək və nəqliyyat axınını daha effektiv şəkildə tənzimləyəcək. Bu yanaşma artıq problemlərin nəticələri ilə mübarizə aparmaq deyil, onların yaranmasının qarşısını almaq deməkdir.

Bundan əlavə, təhlükəsizlik sahəsində də ciddi irəliləyişlər gözlənilir. Süni intellekt sürücü davranışlarını, yol şəraitini və riskləri analiz edərək potensial qəza hallarını əvvəlcədən proqnozlaşdıra biləcək. Bu isə insan faktorundan qaynaqlanan səhvlərin azalmasına və ümumilikdə qəzaların sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə