Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub

Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciət edib

Azercell-in dəstəyi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə ölkənin nüfuzlu biznes müsabiqələrindən biri olan “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” (ABCC) uğurla başa çatıb.

Müsabiqə gənclərin praktiki bacarıqlarının artırılması və onların iş mühitinə hazırlanması baxımından mühüm platforma rolunu oynayıb. Harvard Business Review-nun real biznes problemlərinə əsaslanan tapşırıqlar üzərində qurulan layihə tələbələrdə biznes analitikası, strateji düşüncə və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.

Bu il müsabiqəyə ümumilikdə 100-ə yaxın komanda müraciət edib. Seçim mərhələlərini uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC tərəfindən təşkil olunan təlim proqramlarında iştirak edib. Onlardan 12-si yarımfinal mərhələsinə yüksəlib, yalnız 4 komanda isə finalda çıxış etmək imkanı qazanıb.

Final mərhələsində komandalar müxtəlif şirkət və qurumları təmsil edən münsiflər heyəti qarşısında öz həllərini təqdim ediblər. Münsiflərin qiymətləndirməsinə əsasən, ADA Universitetinin komandası birinci yerə layiq görülüb. Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən iki komanda isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib komandalar 8000 AZN, 4000 AZN və 2000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə