Təcili yardım sürücüləri hansı hallarda cərimələnirlər? - EKSPERT AÇIQLADI

Təcili yardım sürücülərinin yol hərəkətində xüsusi statusa malik olması cəmiyyətdə tez-tez suallar doğurur. Bir tərəfdən, onların əsas məqsədi insan həyatını xilas etməkdir və bu zaman hər saniyə böyük əhəmiyyət daşıyır. Digər tərəfdən isə, yol hərəkəti qaydalarının pozulması həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yarada bilər. Maraqlıdır, təcili yardım sürücüləri cərimələnirmi? Onlar hansı halda qaydaları poza bilər? Sui-istifadə hallarının qarşısı necə alınır?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı SİA-ya açıqlamasında bildirib ki, təcili yardım sürücüləri də yol hərəkəti qaydalarını pozduqları halda cərimələnirlər, onların da məsuliyyəti yaranır:

“Ancaq bir istisna var ki, qanun müəyyən hallarda onlara yol hərəkəti qaydalarını pozmağa icazə verir. Lakin bunun konkret şərtləri var və bu hallardan kənara çıxılmamalıdır.

Bəzən bəzi təcili yardım sürücüləri bu qaydaların çərçivəsindən kənara çıxır, çağırışa getmədikləri halda qaydaları pozur, əks istiqamətdə hərəkət edir, svetoforun qırmızı işığında keçir. Digər tərəfdən, bəzən çağırışa gedən təcili yardım avtomobili qəzaya düşür, nəticədə sürücü, həkim və digər tibbi heyət xəsarət alır. Avtomobil də yararsız hala düşür.

Ona görə də düşünürük ki, bu məsələlərdə ciddi nəzarət mexanizminə ehtiyac var. Bunun üçün beynəlxalq təcrübədə tətbiq olunan müxtəlif həllər mövcuddur. Onlardan biri də təcili yardım avtomobillərində süni intellekt cihazlarının tətbiqidir.

Bu cihazlar sürücünün narkotik və ya spirt təsiri altında olub-olmadığını aşkar etməyə imkan verir. Həmçinin sürücünün əsassız qayda pozuntularını müəyyən edir, çağırış olmadığı halda qayda pozuntularını üzə çıxarır.

Yəni, bu kimi halların qarşısını almaq və dövlətin milyonlarla vəsait xərcləyərək aldığı avadanlıqların zərər görməsinin qarşısını almaq istəyiriksə, bu texnoloji imkanlardan istifadə etməliyik”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə