"Ən böyük dividentimiz orada həyatı əbədiləşdirən insanlarımız olacaq" - ŞƏRH EDİLDİ
"Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış, sürətlə inkişaf edən və fayda gətirən, xalqımızın arzularının içində olmasına xidmət edən gözəl və dəyərli bir layihədir. Üç il bundan öncə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə bir layihə qəbul olundu. Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışla bağlı birinci dövlət proqramı artıq üç ildir ki, icra olunur". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, indiyə qədər bu proqramın icrası üçün 25 milyard manat vəsait ayrılıb və gələn ilin də büdcəsində işlərin davam etməsi üçün daha 3 milyard 500 milyon manat vəsait ayrılması nəzərdə tutulur:
"İlk növbədə minalardan təmizləmə, dağıntıların abadlaşdırılması və infrastruktur layihələrinin həyata keçirilməsi xeyli zaman aldı və eyni zamanda çoxlu vəsait xərclənməsinə səbəb oldu. Bunlar da təbiidir, çünki 30 il ərzində torpaqlarımız işğal altında qaldığı müddətdə orada bir daş da daşın üstündə qalmamışdı. Bir salamat bina, bir salamat infrastruktur qalmamışdı. Və biz torpaqlarımızı işğaldan azad edən kimi, 2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanatdan sonra səhərisi günü artıq Qarabağa və Şərqi Zəngəzura elektrik enerjisinin verilməsi, yolun çəkilməsi, suyun çəkilməsi və s. işlərin həyata keçirilməsinə başlanıldı. Bütün bu işlər Cənab Prezidentin nəzarəti altında və onun tapşırıqları əsasında həyata keçirilir. Artıq infrastruktur layihələrinin böyük bir qismi icra olunmuşdur. Demək ki, orada həm elektrik təchizatı, həm qaz təchizatı həyata keçirilmişdir. Demək ki, bütün bölgələrdə artıq xətlər çəkilmişdir. Su təchizatı ilə də lazım olan bütün işlər görülmüşdür. Yol infrastrukturu artıq çəkilibdir və artıq Zəngilanda, Laçında, Füzulidə aeroportlar açılıbdır. Bunlar olduqca böyük layihələrdir.
Artıq Ağdama qatar gedir. Artıq Kəlbəcərə tunellər işə düşməkdədir. Demək ki, o sərt, qorxulu aşırımlardan aşıb getməyə əvəzinə insanlarımız cəmi saat yarım vaxt sərf etməklə Gəncədən Kəlbəcərin mərkəzinə çatacaqlar. Bunlar hamısı qısa müddət ərzində görülən çox böyük işlərdir. Yəni, nəinki otuz il ərzində, bəlkə də əlli ilə görülə biləcək işlərdir ki, bunlar böyük sürətlə həyata keçirildi.
Və Şərqi Zəngəzur və Qarabağda artıq həm də məskunlaşma prosesi sürətlə həyata keçirilir və artıq bütün insanımız məskunlaşdırılır. Bu ilin sonuna qədər orada 50 min insanın məskunlaşması nəzərdə tutulur. Gələn ilin sonuna isə daha 100 min insanın ora köçməsi nəzərdə tutulur. Bunlar olduqca böyük işlərdir. Kəndlər salınır, qəsəbələr salınır, şəhərlər salınır.
Demək olar ki, bizim artıq Xankəndində böyük işlər gedir, Füzulidə, Ağdamda, Qubadlıda böyük işlər gedir. Əlbəttə ki, artıq məskunlaşma prosesi başlayacaq. Şuşa və Laçın artıq nəinki məskunlaşıb, hətta orada böyük beynəlxalq tədbirlər həyata keçirilməyə başlayır. Bu proseslər, ümumiyyətlə, davam edəcək. Cənab Prezidentin apardığı beynəlxalq səviyyədə, böyük diplomatik səylərlə həyata keçirilən siyasət nəticəsində bizə yetərincə daha çox dəstək verən dövlətlər də olacaqdır. İndi Türk dövlətlərinin hərəsi orada müəyyən işlər görüb – məktəb, yaradıcılıq evi, seçilməsi ilə bağlı və s. işlər görülüb. Daha böyük işlər görmək üçün xarici biznesmenlər, investorlar da gələcək. Cənab Prezident bu gün Akademiyada çıxışında çox maraqlı və olduqca bizi sevindirən bir məsələyə toxundu ki, yaxın vaxtlarda Şərqi Zəngəzurdan və Qarabağdan daha gözəl xəbərlər eşidəcəyik. Orada olduqca böyük ehtiyac olan faydalı qazıntı yataqlarımız var. Və yəqin ki, onların da istismarına başlanması gələcəkdə böyük gəlirlər gətirəcəkdir. Hazırda bu ilin dövlət büdcəsinə, gələn ilin dövlət büdcəsinə Qarabağdan və Şərqi Zəngəzurdan artıq daxil olmalar var. Deməli, orada həyat var, orada iş var, əmək var və məhsuldarlıq da get-gedə artacaqdır. Yəqin ki, gələn ildən başlayaraq Zəngəzur dəhlizinin açılması prosesi daha da intensivləşəcək. Və Zəngəzur dəhlizi açılandan sonra o bölgənin turistik imkanları da daha da genişlənəcəkdir. Yaşıl enerji bölgəsinə çevrilmək var. Qarabağda orada da günəş enerjisi ilə bağlı, külək enerjisi ilə bağlı olduqca böyük potensial var. Onlardan da istifadə olunacaq.
Kənd təsərrüfatı və emal sənayesinin inkişafı üçün böyük potensialımız var. Yəni, get-gedə ilbəil bizim orada həm gördüyümüz işlər, qoyduğumuz sərmayə genişlənəcək, həm də artıq o sərmayədən yeni-yeni dividentlər əldə edəcəyik. Amma ən böyük, ən qiymətli dividentimiz isə orada köçüb yaşayan və orada həyatı əbədiləşdirən bizim insanlarımız olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB