Bu, Brejnev dövründən bəri baş verməyib...

Rusiyanın Avropaya qaz ixracı dibinə çatıb...

...Rusiya qazının Avropaya ixracı 50 ildən çox müddətdə yeni minimum səviyyələrə çatmağa davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "The Moscow Times" bildirir.

Reuters agentliyinin Avropa İttifaqını təchiz edən sonuncu fəaliyyətdə olan "TurkStream" qaz kəmərinin statistikasına əsaslanan hesablamalarına görə, bu ilin yanvar-oktyabr ayları arasında "Qazprom" Avropa müştərilərinə 14,7 milyard kubmetr qaz nəql edib.

Ötən ilin eyni dövrü ilə (26,6 milyard kubmetr) müqayisədə Avropaya ixrac Ukrayna vasitəsilə tranzit müqaviləsinin ləğvi səbəbindən daha 45 faiz azalıb.

Ukrayna vasitəsilə Avropa 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 12,9 milyard kubmetr qaz alıb.

Hazırkı nəql sürəti ilə Rusiya qazının Avropa İttifaqına ixracı ilin sonuna qədər təxminən 18 milyard kubmetrə çata bilər ki, bu da 1970-ci illərin əvvəllərində Sovet İttifaqının baş katibi Leonid Brejnevin Avstriya ilə ilk təchizat müqaviləsi üzrə danışıqlar apardığı vaxtdan bəri ən aşağı həcmdir.

Beləliklə, 1975-ci ildə Avropa 19,3 milyard kubmetr, 1980-ci ildə 54,8 milyard kubmetr, 1990-cı illərin əvvəllərində isə 110 milyard kubmetr Rusiya qazı alıb.

2018-19-cu illərdə “Qazprom” Avropa ölkələrinə 170-180 milyard kubmetr və ya xaricə satılan bütün qazın 80 faizini nəql edərkən tədarük rekordu qırılıb.

O vaxtdan bəri həcmlər on dəfə azalıb və “Qazprom”un qaz biznesi zərərli hala düşüb. Yanvar-sentyabr aylarında şirkət yalnız qaz aktivlərini (neft hasilatı, mayeləşdirilmiş təbii qaz və enerji şirkətləri istisna olmaqla) nəzərə alan Rusiya mühasibat uçotu standartlarına (RAS) görə, daha 170,3 milyard rubl itirib.

Keçən il “Qazprom”un qaz istehsalı və satışı ona 1,076 trilyon rubl xalis zərər gətirib - yəni həftədə orta hesabla 20,6 milyard rubl, gündə 2,94 milyard rubl və ya saatda 122 milyon rubl...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə