Rəqəmsal depozitin hansı riskləri var? - EKSPERT AÇIQLADI

Son dövrlərdə Azərbaycanda bank kartları ilə bağlı problemlər artmaqdadır. Kartlardan icazəsiz pul çıxarılması, mobil bank tətbiqlərinin işləməməsi, dələduzluq hallarının çoxalması və xidmət səviyyəsinin aşağı düşməsi əhali üçün ciddi narahatlıq yaradır. İnsanlar bank kartlarından istifadə zamanı müxtəlif problemlərlə qarşılaşır, dələduzluq sxemləri isə getdikcə daha da mürəkkəbləşir. Bu hadisələr fonunda tətbiq istifadəçiləri rəqəmsal depozitdən istifadədən də çəkinir.

Maraqlıdır, rəqəmsal depozitin hansı riskləri var?

Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, bütövlükdə hesablar, eləcə də bank kartlarına haker hücumlarının sayında artımlar var:

"Təbii ki, bu baxımdan çox vacib məqamlardan biri məhz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlıdır. Çünki təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var ki, biz plastik kartlardan vəsait oğurlanmasının qarşısını müşahidə etməyək. Ona görə bir tərəfdən, təbii ki, bu sahədə bir mənalı şəkildə təhlükəsizlik texnologiyalarının gücləndirilməsinə ehtiyac var. Digər tərəfdən də çox vacib məqamlardan biri məhz vətəndaşlarımızın da diqqətli olmasıdır. Çünki bəzi hallarda vətəndaşlarımıza gələn zənglər nəticəsində onlar banklarla bağlı öz məlumatlarını üçüncü şəxslərlə bölüşürlər. Bir mənalı şəkildə belə məlumatların paylaşılmasına imkan verilməməlidir. Çünki bu cür məlumatların bölüşdürülməsi hakerlər və dələduzluqla məşğul olan şəxslər tərəfindən bank hesablarından vəsaitin oğurlanmasına gətirib çıxarır. Ona görə də həm nəzarətin gücləndirilməsi, təhlükəsizlik texnologiyalarının imkanlarının genişləndirilməsi, həm də vətəndaşlarımızın bu məsələdə daha diqqətli olması vacibdir."

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə