Türkiyənin hakim partiyasının iqtidara gəlişindən 23 il ötür

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) iqtidara gəlişinin 23-cü ilini qeyd edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 2001-ci il avqustun 14-də “Ərdəmlilər Hərəkatı” adı ilə siyasi səhnəyə çıxan AK Partinin avqustun 16-da keçirilən iclasında hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yekdilliklə partiyanın sədri seçilib. Partiyanın 23 ili geridə qoyan hakimiyyət yolu isə 2002-ci il noyabrın 3-də ölkədə keçirilən seçkilərlə başlayıb.

Rəcəb Tayyib Ərdoğanın liderliyində keçən son iyirmi üç il Türkiyənin ən əhəmiyyətli inkişaf mərhələlərindən biri olub. Ötən bu dövrdə sənaye, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə, infrastruktur, turizm, idman və bu kimi bir çox sahələr üzrə ilklərə, nəhəng layihələrə imzalar atılıb.

Ticarət sahəsinin bütün ölkələr üçün əhəmiyyətini nəzərə alsaq, keçən il Türkiyənin ümumi xarici ticarət həcmi 606 milyard 10 milyon dollara çatıb.

Ölkədə diqqətdə saxlanılan əsas sahələrdən biri də nəqliyyatdır. Ötən 23 ildə nəqliyyat və rabitə sahəsinə 298 milyard dollardan çox sərmayə qoyulub. 2002-2024-cü illərdə Türkiyədə yol şəbəkəsinin uzunluğu 6 min 101 kilometrdən 29 min 926 kilometrədək artırılıb. 2002-ci ildə 10 min 959 kilometr olan dəmir yolu xəttinin uzunluğu indi 14 min kilometr təşkil edir.

Ötən dövrdə hava nəqliyyatı sahəsində də böyük irəliləyişlər əldə edilib. İyirmi üç il ərzində ölkə üzrə aktiv fəaliyyət göstərən aeroportların sayı 26-dan 62-yə yüksəlib. Sürətli qatar şəbəkəsinin inkişaf etdirilməsi də daim diqqətdə saxlanıb.

Türkiyənin son illərdə əsas inkişaf istiqamətlərindən biri də müdafiə və aviasiya sahəsidir. Son iyirmi üç ildə ölkənin müdafiə sənayesində yerli və milli texnologiya nisbəti 20 faizdən 80 faizədək yüksəlib. Türkiyə bütün dünyanı heyrətə salan bu sahə üzrə texnoloji istehsala davam edir. Bu gün İHA, SİHA, “Atak” helikopteri, “Hürjet”, “Kaan” milli döyüş təyyarəsi, “TCG Anadolu” amfibiya gəmisi kimi bir çox texnika ölkənin bu sahə üzrə fəxr etdiyi işlərdən yalnız bir neçəsidir. Bu gün Türkiyə “Kızılelma” ilə pilotsuz döyüş təyyarələri istehsal edən ölkələr arasında yerini alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə