İnsanlara "toy tutan" toy qiymətləri

Son illərdə ölkəmizdə toy mədəniyyəti sanki yarış meydanına çevrilib. Kim daha yaxşı menyu sifariş verəcək, kim daha yaxşı süfrə açacaq-sanki xoşbəxtliyin meyarı budur. Əsl sevinc, sadəlik və səmimiyyət yerini “süfrə şoularına” verib. Qonşudan qalma geri prinsipi ilə toy menyuları aşırı təamlarla doldurulur. 12 növ salat, 5 növ kabab, 3 növ dolma, toyuq, balıq, pendir, qoz, fındıq, meyvə tərəvəz, çeşid-çeşid müxtəlif növ içkilər və daha nələr nələr... Sanki xalqımız ac qalmaqdan qorxur. Amma nəticə nə olur? Gecənin sonunda isə masadakı yeməklərin heç yarısı belə yeyilmir, zibil yeşiklərinə atılır. Bir çox hallarda atılan qidalar əhalinin böyük hissəsinin təssüfki günlərlə ala bilməyəcəyi qidalardır. Amma toyda bu “norma” sayılır. Nədənsə düşünürük ki, süfrə boş görsənsə qonaqlar “ayıb” sayar. Ancaq əsl ayıb budur-İsrafçılıq!

Restoranlar isə xalqımızın şöhrətpərəstliyindən istifadə edərək öz menyularını daha da “zənginləşdirərək” qiymətləri günü-gündən artırır. Hətta əhalinin bir hissəsi böyük miqdarda borc götürərək dəbdəbəli toy məclisləri edirlər ki, bəzən illərlə götürdükləri borc yükünün altından çıxa bilmirlər. Nəticədə isə itirən xalq, qazanan isə restoran sahibləri olur. Halbuki əsas olan xoşbəxtlik dəbdəbəli toy məclislərindən ibarət deyil. Elimizin toy kimi bir adəti var deyiblər. Lakin bu adət bahalı restoranlar, dolu süfrələr, zibil yeşiklərinə tullanan qidalar, illərlə bitməyən borc yükündən ibarət olmamalıdır.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə