Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsində elə taleyüklü dönüş nöqtələri vardır ki, onlar təkcə bir nəslin deyil, bütöv bir millətin gələcək mövcudluğunu, siyasi və tarixi müqəddəratını müəyyən edir. Bu şanlı tarixlər sırasında fəxrlə və böyük ehtiramla qeyd etdiyimiz 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, dövlətçiliyimizin ölüm-dirim mübarizəsindən qalib çıxdığı müqəddəs bir gündür. 1993-cü ilin iyununda ölkəmizin üzləşdiyi dərin siyasi, iqtisadi və hərbi böhran, daxili xaos və vətəndaş müharibəsi təhlükəsi fonunda xalqın təkidli tələbi ilə böyük rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan, təəssüf ki, ilk illərdə səriştəsiz və daxili çəkişmələrə yuvarlanmış idarəçiliyin qurbanına çevrilmişdi. Ölkədə tüğyan edən anarxiya, separatizm meyilləri və Ermənistanın işğalçılıq siyasəti dövlətin təməllərini sarsıdırdı. Belə bir kritik məqamda xalq yeganə xilas yolunu öz dahi oğlunda – Heydər Əliyevdə gördü. 1993-cü il iyunun 15-də Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə respublikada xaos dövrü bitdi və müasir dövlət quruculuğunun fundamental əsası qoyuldu.
Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin iclasındakı tarixi çıxışında dövlətçilik fəlsəfəmizin və gələcək strateji xəttimizin əsas manifestini elan edərək rəsmi şəkildə bəyan etmişdir: "Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə qurulmuş ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir dünyanın, beynəlxalq normaların, prinsiplərin əsasında təmin olunmalıdır və mən bu sahədə öz fəaliyyətimi quracağam, öz ömrümü bundan sonra da bütövlükdə buna həsr edəcəyəm. Bu baxımdan heç kəsin şübhəsi olmasın ki, ömrümün qalan hissəsini də mən yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə, formalaşmasına həsr edəcəyəm. "Bu böyük qətiyyət və sarsılmaz iradə xalqımıza itirilmiş inamını qaytardı, cəmiyyətdə milli həmrəyliyi və sabitliyi bərqərar etdi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, "Əsrin müqaviləsi"nin imzalanması, nizami ordunun qurulması və beynəlxalq müstəvidə Azərbaycanın milli maraqlarının qətiyyətlə qorunması ölkəmizi regional liderə çevirdi. Milli Qurtuluş fəlsəfəsi sözün əsl mənasında müstəqil dövlətimizin iqtisadi və siyasi suverenliyinin sarsılmaz təminatçısı oldu. Bu gün hər bir vətəndaş böyük qürur hissi keçirir ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik ideologiyası onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə və böyük uzaqgörənliklə davam etdirilir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm də hərbi sahədə özünün ən qüdrətli dövrünü yaşayır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi". Məhz bu dönüş nöqtəsindən başlayan böyük inkişaf yolu Azərbaycanı addım-addım özünün ən böyük tarixi hədəfinə – torpaqlarımızın işğaldan azad edilməsinə doğru apardı. 2020-ci ilin payızında qazanılmış şanlı Qarabağ Zəfəri və ölkəmizin bütün ərazilərində suverenliyimizin tam bərpası Milli Qurtuluş fəlsəfəsinin ən möhtəşəm, məntiqi və tarixi zirvəsidir. Şuşada, Xankəndidə, Xocalıda və digər azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli dövlət bayrağımız, Ulu Öndərin vaxtilə əsasını qoyduğu qurtuluş strategiyasının bu gün cənab İlham Əliyev tərəfindən tam zəfərlə taclandırılmasının bariz sübutudur.
Prezident İlham Əliyevin rəsmi bəyanatlarında tez-tez xatırlatdığı və Ulu Öndər Heydər Əliyevin dövlətçilik düsturunu təşkil edən bu müdrik kəlam xalqımızın yol bələdçisidir: “Müstəqil Azərbaycan dövləti bizim ən böyük sərvətimizdir!”
15 İyun – Milli Qurtuluş Günü sadəcə keçmişə ehtiram günü deyil, həm də gələcəyə inamla baxan güclü, suveren və bütöv Azərbaycanın milli qürur bayramıdır. Müstəqilliyimizin əbədiliyi, dövlətimizin qüdrəti vəxalqımızın rifahı Ulu Öndərin ideyalarının yaşamasından və bu ideyaların cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılmasından keçir.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB