Bu il Azərbaycanda 116 min 550 nəfər XI sinfi başa vuraraq məzun adını qazanır.
SİA xəbər verir ki, onlar məktəb həyatı ilə vidalaşaraq ali təhsil, peşə seçimi və yeni həyat mərhələsinə doğru ilk addımlarını atırlar. Ölkənin bütün bölgələrində keçirilən "Son zəng" tədbirləri şagirdlərin, müəllimlərin və valideynlərin duyğulu anlarına şahidlik edib.
Məktəb həyatı boyunca əldə edilən biliklər, qurulan dostluqlar, müəllimlərin zəhməti və unudulmaz xatirələr bu gün xüsusi bir məna kəsb edir. Bayraqlarla bəzədilmiş məktəb həyətləri, məzunların ənənəvi ağ-qara geyimləri, əlində gül dəstələri, müəllimlərlə qucaqlaşmaları və xatirə şəkilləri çəkdirmələri günün ən yaddaqalan görüntüləri sırasında yer alıb.
Bir tərəfdən uzun illərin zəhmətinin yekunu, digər tərəfdən isə qarşıda duran qəbul imtahanları və gələcək planlar məzunların həyəcanını daha da artırıb. Valideynlər övladlarının sevincini bölüşür, müəllimlər isə yetişdirdikləri şagirdləri yeni həyata uğurlayaraq onlara uğurlar arzulayıblar.
"Son zəng" tədbirlərində musiqi nömrələri, rəqs çıxışları, şeirlər və məktəb illərini əks etdirən səhnəciklər təqdim olunub. Məzunlar bir-birlərinə xatirə arzularını yazıb, müəllimləri ilə son dəfə sinif otaqlarında görüşərək məktəb illərinin ən dəyərli anlarını bir daha xatırlayıblar.
2025–2026-cı tədris ilinin məzunları üçün bu gün sadəcə məktəblə vidalaşma günü deyil, həm də yeni arzuların, yeni hədəflərin və böyük ümidlərin başlanğıcıdır. İllər sonra da xatırlanacaq bu duyğulu və sevincli anlar fotokameraların obyektivində əbədiləşib.
Təqdim etdiyimiz fotoreportajda Azərbaycanın müxtəlif məktəblərində keçirilən "Son zəng" tədbirlərindən ən yaddaqalan və rəngarəng görüntülərlə tanış ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB