"Orta Dəhliz Avropa ilə Asiya arasında mühüm ticarət körpüsü funksiyasını daşıyır" - POLİTOLOQ DANIŞDI

"Orta Dəhliz Avropa ilə Asiya arasında mühüm ticarət körpüsü funksiyasını daşıyır" - POLİTOLOQ DANIŞDI

"Azərbaycan, Türkiyə və Gürcüstan arasında formalaşmış üçtərəfli əməkdaşlıq modeli son illərdə Cənubi Qafqazın ən uğurlu regional tərəfdaşlıq platformalarından biri kimi çıxış edir. Xarici işlər naziri Ceyhun Bayramovun İstanbulda keçirilən 10-cu üçtərəfli görüşdən sonra səsləndirdiyi fikirlər də göstərir ki, bu format artıq təkcə siyasi dialoq mexanizmi deyil, həm də regionun iqtisadi, enerji və nəqliyyat arxitekturasını müəyyən edən əsas platformalardan birinə çevrilib".

Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, üç ölkə arasında həyata keçirilən strateji layihələrin davamlı fəaliyyət göstərməsi regional inteqrasiyanın dayanıqlığını nümayiş etdirir. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr Avropa ilə Asiyanı birləşdirən mühüm kommunikasiya xətləri rolunu oynayır. Qlobal geosiyasi proseslər, Ukrayna müharibəsi və beynəlxalq ticarət marşrutlarında baş verən dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artıb. Bu marşrut Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxış imkanı yaradır. Belə şəraitdə üç ölkənin koordinasiyalı fəaliyyəti regionu qlobal ticarət zəncirinin vacib halqalarından birinə çevirə bilər.

İqtisadi baxımdan bu əməkdaşlıq investisiya axınının genişlənməsinə, tranzit gəlirlərinin artmasına və yeni sənaye-logistika mərkəzlərinin formalaşmasına şərait yaradır. Xüsusilə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Gürcüstanın Qara dənizə çıxışı və Türkiyənin Avropa bazarlarına inteqrasiya imkanları qarşılıqlı şəkildə tamamlayıcı üstünlüklər yaradır. Bu amillər regionun iqtisadi cəlbediciliyini artırmaqla yanaşı, beynəlxalq investorların marağını da gücləndirir.

Təhlükəsizlik aspektindən isə üçtərəfli əməkdaşlıq yalnız hərbi və siyasi sabitliklə məhdudlaşmır. Burada əsas məsələ enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsidir. Avropanın enerji mənbələrinin şaxələndirilməsinə olan ehtiyacının artdığı bir dövrdə Azərbaycan qazının Türkiyə və Gürcüstan üzərindən Avropaya nəqli strateji əhəmiyyət daşıyır. Bu baxımdan tərəflərin layihələrin təhlükəsizliyinə və fasiləsiz fəaliyyətinə xüsusi önəm verməsi təsadüfi deyil.

Görüş zamanı yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi də gələcək perspektivlərin geniş olduğunu göstərir. Rəqəmsal infrastruktur, yaşıl enerji, bərpa olunan enerji mənbələrinin ixracı, nəqliyyat-logistika imkanlarının modernləşdirilməsi və regional əlaqəliliyin gücləndirilməsi yaxın illərdə əməkdaşlığın əsas istiqamətləri ola bilər. Xüsusilə Xəzərdən Avropaya yaşıl enerji ixracı ilə bağlı təşəbbüslər üç ölkənin strateji əhəmiyyətini daha da artırmağa qadirdir. Mövcud layihələrin genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin formalaşdırılması regionun iqtisadi inteqrasiyasını dərinləşdirə, nəqliyyat əlaqələrini gücləndirə və uzunmüddətli sabitliyin təmin olunmasına ciddi töhfə verə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə