Hüquq və İnsan Haqları İnstitutu "İnsan Hüquqları Aylığı" çərçivəsində Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün "Media və insan hüquqları" mövzusunda maarifləndirici məlumat sessiyası təşkil edib.
SİA xəbər verir ki, məqsəd jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirərkən insan hüquqlarının qorunması sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri və etik davranış standartları barədə məlumatlılığının artırılması olub.
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, media nümayəndələri insan hüquqlarının təbliği və ictimai şüurun formalaşdırılması sahəsində mühüm rol oynayırlar:
"Məhz media sahəsində insan hüquqlarına yanaşmanın mövcud vəziyyətini qiymətləndirmək məqsədilə müxtəlif media resurslarında yayımlanan materialların mütəmadi təhlilini aparır və monitorinqlər həyata keçiririk. Təhlillərin nəticələri media nümayəndələrinin insan hüquqları sahəsində məlumatlılığının və peşəkar bacarıqlarının artdığını göstərsə də, hələ də bəzi xəbər materiallarında insan hüquqlarının qorunması və etik jurnalistika prinsiplərinin tətbiqi ilə bağlı əlavə diqqət tələb edən məqamlar müşahidə olunur".
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə çıxışında insan hüquqlarının qorunması sahəsində medianın üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib:
"Jurnalistlər informasiya hazırlayarkən və yayarkən insan hüquqlarına hörmət etməli, peşə etikası və qanunvericiliyin tələblərinə riayət etməli, bu prinsipləri fəaliyyətlərinin ayrılmaz tərkib hissəsi kimi daim diqqətdə saxlamalıdırlar. İnsan hüquqlarının müdafiəsi və qorunması istiqamətində media nümayəndələrinin məsuliyyətli fəaliyyəti davamlı xarakter daşımalıdır".
Sessiyada Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri jurnalist fəaliyyətində daha çox rast gəlinən insan hüquqlarının pozulması və onların hüquqi nəticələri barədə məlumat veriblər. Xüsusilə təqsirsizlik prezumpsiyasının pozulması, şəxsi və ailə həyatına müdaxilə, fərdi məlumatların icazəsiz açıqlanması, uşaq hüquqlarının pozulması, ayrı-seçkilik və nifrət nitqini təşviq edən materialların yayılması, intiharla bağlı xəbərlərin hazırlanması zamanı etik qaydalara əməl olunmaması, həmçinin təhqir və böhtan xarakterli məlumatların yayımlanmasının yolverilməzliyi iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlər qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyət yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB