Qızılağac Milli Parkı haqqında düşünəndə nə vaxtsa yazdığım bir şeirin misralarını xatırladım. Təbiətə sevgidən doğan bu misralar elə bilirəm ki, bu gün də müasir səslənir.
Hər bir yaşıl ağac, hər yaşıl budaq
Əzəldən təşnədir quş nəfəsinə,
Oyanır yaşıla bürünən torpaq
Turac nəğməsinə, kəklik səsinə.
Bu misralardakı fikir yükünə diqqət yetirək və bir anlığa təsəvvür edək ki, yaşıl ağac var, lakin bu ağac quş nəfəsi ilə isinmir. Dağlar qartal hayqırtısına, torpaq turac nəğməsinə, kəklik səsinə oyanmır və ya dağların şiş zirvələrindən tökülən şəlalələr, dənizin vahiməli uğultusu, çayların ürəyə nüfuz edən həzin şırıltısı və bulaqların kövrək zümzüməsi bu təbii nəğmələri tamamlamır. Onda ana təbiət nə qədər yeknəsək olardı, ekoloji tarazlıq, nizam pozulardı. Başqa sözlə, desək təbiətin harmoniyasında, ahəngində insanı həyata səsləyən təbiəti sevməkdə nəsə çatmazdı, darıxdırıcı bir boşluq yaranardı.
Demək, təbiət quş nəfəsi, qartal səsi, turac, qu və kəklik nəğmələri və bu nəğmələrə hərarət qatan yarpaq pıçıltısı, şəlalə harayı, bulaq zümzüməsi, dəniz uğultusu və çayların həzin şırıltısı ilə gözəldir. Əgər bu gözəlliyi görmək, duymaq istəyirsinizsə, ünvanı düzgün seçin. Bura bütün təbii zənginliklərimizi gözlərimizin önündə canlandıran, əhali ilə canlı təmas yaratmaq üçün açıq məkana çevrilən Qızılağac Milli Parkıdır.
Hələ sovet dönəmində Azərbaycanda keçirilən rus ədəbiyyatı dekadasında iştirak edən böyük rus şairi Nikolay Tixonov Lənkəranda olarkən bu yerin əsrarəngiz təbiəti, füsunkar gözəllikləri onu vəcdə gətirmiş, Lənkəranı “Cənub mirvarisi” adlandırmışdır. Təbii ki, şairin təbiətin heç nəyini əsirgəmədiyi bu torpaqdan aldığı xoş təəssüratlar sonralar Azərbaycan və onun gözəl təbiəti haqqında silsilə şeirlərinin yaranmasına səbəb oldu. “Azərbaycan dəftəri” bölümü ilə rus oxucularına təqdim edilən bu şeirlər arasında Lənkərana və o vaxt qoruq kimi fəaliyyət göstərən Qızılağaca həsr olunmuş poetik misralar xüsusi yer alırdı.
Hətta şeirlərinin birində şair yazır ki, “Mən bu yerlərə boş gəlmişdim, amma ürək dolusu gözəllik aparıram...”. Yaradıcılıq planımda öz coğrafi relyefi ilə heç bir Xüsusi Mühafizə Olunan Təbiət Ərazisinə bənzəməyən, təbii sərvətləri ilə seçilən, zəngin flora və faunaya malik olan Qızılağac parkı haqqında çoxdan yazmaq istəyim var idi. Ara-sıra müəyyən qeydlər edirdim və bu qeydlərimin sonralar bir kitaba çevriləcəyinə inanırdım. Bu kitaba qədər hələ Qızılağac Milli Parkına bir neçə şeir həsr etmişdim və bu şeirlər 2019-cu ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis tərtibatla buraxılan “Dəniz ömrü yaşayıram” kitabımda yer almışdır.

Qızılağac Dövlət Təbiət Qoruğunun möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə milli parka çevrilməsi münasibəti ilə yazdığım “Qızılağac Milli Parkı” adlı şeirimi olduğu kimi qələmə aldığım qeydlərimə əlavə edirəm:
Quşlar süzər arxayın,
Qorxu, hürküsü olmaz.
Burada rahat qışlayar
Flaminqo, qızılqaz.
Dünyanın çox yerindən
Qanadlı qonaq gələr.
Durnalar səf bağlayar,
Ördək gələr, vağ gələr.
Ovçular qayığını
Dartıb kənara çəkər.
Yazda şirin sulara
Balıqlar kürü tökər.
Quşların, heyvanların
Əzəli oylağıdır.
Bura gözəl yurdumun
Ən nadir torpağıdır.
Açığını deyək ki, vaxtilə baxımsızlıq, nəzarətsizlik - bir sözlə Milli Parkın flora və faunasına biganəlik göstərdiklərinə görə təbiətimizin nadir inciləri doğma məkanından perik düşmüşdür. Son dövrdə mühafizə işlərinin düzgün qurulması nəticəsində perik düşən, küsən, inciyən quşlar geriyə - Qızılağaca qayıdır. Quşların yenidən öz doğma məkanına qayıtması münasibətilə yazdığım “Quşlar qayıdır Qızılağaca” şeirimi təbiətsevərlərimizə təqdim edirəm:
Quşların istəyi, mətləbi nəydi,
Perik düşməyinin səbəbi nəydi?
Qayğıdan savayı tələbi nəydi?
Küsüb gedən quşlar qayıdır daha.
Qayğını ilk dəfə qu duyur indi?
Turac da susmuşdu, oxuyur indi.
O qara kölgələr yox olur indi,
Küsüb gedən quşlar qayıdır daha.
Neçə nadir quşlar tələf olubdu,
Ovçu gülləsinə hədəf olubdu.
İndisə sevincdən səf-səf olubdu,
Küsüb gedən quşlar qayıdır daha
Qoruğun üstünü kölgə almışdı,
Quşların bir quru adı qalmışdı.
Qızılağac onlarçün çox darıxmışdı,
Küsüb gedən quşlar qayıdır daha.
Təbiət başına qoyub qızıl tac
Açıq bir məkandır bu gün Qızılağac.
Qızılqaz rəqs edir, oxuyur Turac,
Küsüb gedən quşlar qayıdır daha.
Qorunur qayğıyla quş yuvaları,
Tikilir,çoxalır quş yuvaları.
Gəlmir güllələrə tuş yuvaları
Küsüb gedən quşlar qayıdır indi.
Sevgiylə, sevinclə dəniz də coşur,
Quşların şəninə nəğmələr qoşur.
...Parkın üzərində quşlar uçuşur...
Küsüb gedən quşlar qayıdır indi.
Yaxın dost tək qonur insan çiyninə,
Daha qorxu, təlaş gəlmir eyninə.
...Qızılağac yeni don geyib əyninə,
Küsüb gedən quşlar qayıdır indi.

Qeyd edim ki, bir ekoloq-jurnalist kimi təbiətə daha çox yaxınam. Yaşadığım doğma Sinovli kəndi də təbiətin qoynunda yerləşir. Demək olar ki, hər gün təbiətlə təmasdayam. Yazdığım bütün kitablarım, mərkəzi mətbuat səhifələrində işıq üzü görən silsilə publisistik məqalələrim, televiziya kanallarında çıxışlarım məhz bu mövzuya söykənir. ,”Heydər Əliyev və Azərbaycan təbiəti”, “Azərbaycan təbiəti: Dünən, bu gün, sabah”, “Yaşıl dünya naminə”, “Təbiətin qızıl tacı “İnsan təbiətlə nəfəs alır...” nəsr, “Təbiət layla çalır”, “Dəniz ömrü yaşayıram” şeir kitablarım oxucular tərəfindən rəğbətlə qarşılanır. Bir yazıçı-ekoloq kimi əhalinin ekoloji maariflənməsində az-çox əməyim olduğuna görə özümü xoşbəxt sayıram. Çünki hər hansı bir kitab, hər hansı bir əsər, publisistik məqalə özündən sonra bir iz qoymursa və təsirsiz ötüşürsə, fikrimcə onu yazmağa dəyməz. Başqa müəlliflərdən fərqli olaraq təbiət sevgisi mənim canımdadır. Özlüyümdə qərara gəlmişəm ki, bundan sonra nə yazsam, təbiətdən yazacağam və onun tükənməz zəngin təbii sərvətlərini, gözəlliklərini təbliğ edəcəyəm. Bir cəhəti də xüsusi qeyd edim ki, yazıçı üçün ruh yüksəkliyi onu vəcdə gətirən, ilhamını coşduran ən mühüm amildir.

Xüsusi Mühafizə Olunan Təbiət ərazisi kimi, Qızılağacın zəngin tarixi var. Təbii ki, parkdan söhbət açırıqsa, mütləq ilk öncə onun keçmişinə səyahət etmək, tarixin yaddaşında qalanları müasir ekoloji inkişafın xeyrinə araşdırıb ortaya qoymaq, nəyi yaşatmağın və nədən faydalanmağın vacibliyini bilmək lazım gəlir. Öncə onu qeyd edək ki, Qızılağac qoruq kimi müasir milli parka çevrilənə qədər mərhələli inkişaf yolu keçib. Bu yol heç də rahat olmayıb. Bu yol talançılığa, mövcud təbii sərvətlərin, eləcə də zəngin bitki və heyvanat aləminin məhv olmasına, başqa sözlə desək, buranı şəxsi gəlir mənbəyinə çevirənlərin inadkarlığına qarşı ciddi mübarizədən keçib.
Nəhayət, davamlı dövlət qayğısının, möhtərəm Prezidentin hazırda həyata keçirdiyi uğurlu ekoloji siyasətin bəhrəsi kimi, Qızılağac parkı Azərbaycan təbiətinin nadir incisi kimi dünyaya səs salmışdır. Bu gün ekoloji durumu ürəkaçan olan Qızılağac parkı sayca respublikamızda onuncu park sayılır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq normativlərə uyğun olaraq Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin sahələrinin daha da genişləndirilməsi üçün ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirir.
Mövcud faktlara diqqət edək: 2003-cü ilədək bir milli parkı olmayan respublikamızda hazırda 12 milli park, 11 dövlət təbiət qoruğu və 24 təbiət yasaqlığı fəaliyyət göstərir.Heç şübhəsiz, bu da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan təbiətinə, ekologiyasına davamlı diqqət və qayğısının təzahürü kimi dəyərləndirilir. Məlum olduğu kimi, müasir ekoloji durum, ölkəmizdə həyata keçirilən uğurlu ekoloji siyasət möhkəm təməl üzərində qurulub.
Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyev öz titanik və mühüm dövlət fəaliyyətində ekoloji siyasətə, bənzərsiz Azərbaycan təbiətinin və ekologiyasının inkişafına xüsusi yer ayırmışdı. Təbiətin böyük təəssübkeşi və qayğıkeşi olan Ümumilli Lider beynəlxalq əhəmiyyətə malik ekoloji qanunçuluq bazası yaratdı. Ulu Öndər Heydər Əliyev varlığı qədər sevdiyi doğma Azərbaycanın füsunkar və əsrarəngiz təbiətinə mühüm strateji önəm verir, onun zənginləşməsinə və gələcək nəsillərə əmanət kimi çatdırılmasına ciddi səy göstərirdi. Ulu Öndərin təşəbbüsü ilə hazırlanan ekoloji qərarlar, qəbul edilmiş sənədlər və sərəncamlar ölkə təbiətinin sağlamlığına yönəldilib.
Təbiətə qarşı hər hansı bir qəsd onu hiddətləndirməyə bilməzdi. O, 1993–cü ildə yenidən hakimiyyətə qayıdanda vaxtilə Bakıda əkilən ağacların kəsildiyini, salınan yaşıllıqların məhv edilməsini görəndə demişdi: “Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir...İnsan qurmalıdır, yaratmalıdır...Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə, o öz ailəsinə, özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...”.

Möhtərəm Prezidentin ekologiya sahəsində apardığı bəzi kadr dəyişiklikləri əslində uğurlu siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Rəşad İsmayılovun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri təyin edilməsi məhz ekologiya məkanına yeni ab-hava gətirib. Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinə diqqət daha da artırılır. Son vaxtlarda biosistemin qorunması və zənginləşməsi istiqamətində mühüm işlər görülür. Quşlar rahatca parkın səmasında pərvaz edir, balıqlar şıltaqcasına dalğalarla döyüşə atılır. Kol-koslar göyərir, sıxlaşır, vəhşi heyvanlar kolların arasına sığınır. Bir sözlə, Qızılağac Milli Parkı nəğməli quşların canlı cəh-cəhləri ilə gülür. Park işçilərinə “Sağ ol” deyirlər...
Qızılağac Milli Parkı böyüyür, inkişaf edir, flora və faunasını zənginləşdirir, cografi sərhədlərini genişləndirir. Mənim insanlar arasında apardığım mədəni, ekoloji təbliğat həm ölkəmizdə, həm də xaricdə maraqlı rezonans doğurur. Qızılağac Milli Parkı dənizin qoynunda qərar tutmuş əfsanəvi bir nağıl personajını, Nuh gəmisini xatırladır, nəinki təbiətimizin, bütün dünyanın ən nadir flora və faunasını öz qoynunda qoruyur, gələcək nəsillərə əmanət saxlayır. Park indi çox əsrarəngiz bir ekoturizm məskənidir. Yay və qış aylarında turistləri də, quşları da qəbul etməyə, onlara qucaq açmağa hazırdır. Əbəs yerə deyil ki, hamı bu bölgəyə tələsir. Turistlər təbiətlə, onun min bir gözəlliyi ilə canlı təmasda olmaq istəyirlər. Ekoturizm ölkəmizin bu sahədə də nailiyyətlərini əks etdirir. Hər yerdə, hər sahədə təbii bir dinamika göz oxşayır, bizi qanadlandırır.
İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun rəhbəri Rəşad İsmayılov dövlət başçımızın yeni ekoloji tələblərinə uyğun öz fəaliyyətində möhtərəm Prezidentin Azərbaycan təbiətinin mühafizəsi ilə bağlı mühüm tapşırıq və tövsiyyələrini meyar qəbul edəcək, müasirliyi və mütərəqqi metodları dəstəkləyən işgüzar bir ekoloji nəsil formalaşdırmaqda önəmli addımlar atacaq...

Bəxtiyar HÜSEYNOV,
Prezident təqaüdçüsü, yazıçı-publisist
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB