"Şuşa Bəyannaməsi qardaşlığı strateji müttəfiqliyə çevirdi" - POLİTOLOQ DANIŞDI
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da regionda yeni siyasi reallıq formalaşdı, həm daxili, həm də xarici siyasətdə yeni bir mərhələ başlandı. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir çox sahələrdə öz müsbət nəticələrini göstərməkdədir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq uzun illərdir uğurla inkişaf edir: "Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuş, Vətən müharibəsi dövründə ölkəmizə siyasi və mənəvi dəstəyini açıq şəkildə nümayiş etdirmişdir. Azərbaycanın haqlı mövqeyini beynəlxalq platformalarda müdafiə edən əsas dövlətlərdən biri də məhz Türkiyə olmuşdur.
Bu əməkdaşlığın ən mühüm nəticələrindən biri qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsidir. Bu sənəd regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edən əsas siyasi sənədlərdən biri hesab olunur.
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərini daha yüksək səviyyəyə qaldırdı. Bu sənəd təkcə iki dövlət arasında əməkdaşlığın deyil, bütövlükdə türk dünyasında inteqrasiyanın və həmrəyliyin güclənməsinə mühüm töhfə verir. Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı üzvləri kimi bu prosesdə xüsusi rol oynayırlar.
Şuşa Bəyannaməsi regional və geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Sənəd hər iki ölkənin beynəlxalq arenada bir-birinin mövqeyini dəstəkləməsini, siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.
Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin yeni mərhələsini müəyyən edən mühüm sənəddir. O, regionda sabitliyin möhkəmlənməsinə, eyni zamanda türk dövlətləri arasında əməkdaşlığın inkişafına xidmət edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri dövlətlərarası əlaqələrin daha da inkişaf etməsinə güclü təkan verir. Bu əməkdaşlıq gələcəkdə hər iki dövlətin həm regional, həm də beynəlxalq müstəvidə yeni uğurlar qazanmasına mühüm töhfə verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB