Enerji içkilərinin artıq uşaqlar arasında geniş yayılması narahatlıq doğurur

Son illərdə enerji içkilərinin istifadəsi cəmiyyətin ən narahatedici problemlərindən birinə çevrilib. Bir zamanlar yalnız müəyyən yaş qrupları tərəfindən istifadə olunan bu məhsullar artıq məktəb yaşlı uşaqların, yeniyetmələrin və gənclərin gündəlik həyatının bir hissəsinə çevrilməkdədir. Xüsusilə marketlərdə, köşklərdə və digər satış məntəqələrində enerji içkilərinin asanlıqla əldə olunması onların istifadəsini daha da artırır.

Təəssüf doğuran məqamlardan biri odur ki, həkimlər və mütəxəssislər uzun müddətdir enerji içkilərinin insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr barədə xəbərdarlıq etsələr də, bu məhsulların çeşidi və reklamı günü-gündən genişlənir. Market vitrinləri demək olar ki, hər gün yeni adlar, yeni qablaşdırmalar və cəlbedici dizaynlarla təqdim olunan enerji içkiləri ilə dolur. Parlaq rənglər, məşhur simalarla aparılan reklam kampaniyaları və “güc”, “enerji”, “aktivlik” kimi şüarlar xüsusilə uşaq və yeniyetmələrin diqqətini cəlb edir.

Halbuki enerji içkilərinin tərkibində yüksək miqdarda kofein, şəkər və müxtəlif stimullaşdırıcı maddələr mövcuddur. Bu maddələrin həddindən artıq qəbulu ürək döyüntülərinin sürətlənməsinə, yuxu pozuntularına, əsəbilik və diqqət dağınıqlığına səbəb ola bilər. Mütəxəssislər xüsusilə inkişaf dövründə olan uşaqlar və yeniyetmələr üçün bu məhsulların daha böyük risk daşıdığını vurğulayırlar.

Cəmiyyəti düşündürən əsas suallardan biri də budur: sağlamlığa potensial zərəri barədə bu qədər xəbərdarlıq edilən məhsullar niyə hələ də bu qədər geniş şəkildə satılır və niyə azyaşlıların onlara çıxışı bu qədər asandır? Valideynlərin, təhsil müəssisələrinin və aidiyyəti qurumların bu məsələyə daha ciddi yanaşması vacib hesab olunur. Çünki bu gün sadəcə maraq və ya dəb xatirinə istifadə olunan enerji içkiləri gələcəkdə gənc nəslin sağlamlığı üçün ciddi problemlərə yol aça bilər.

Sağlam həyat tərzinin təşviq olunduğu bir dövrdə enerji içkilərinin kütləvi şəkildə yayılması və xüsusilə uşaqlar arasında populyarlaşması narahatlıq doğuran tendensiyadır. Bu məsələ təkcə fərdi seçim deyil, həm də ictimai sağlamlıq problemi kimi diqqət mərkəzində saxlanılmalıdır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə