Taksi qiymətlərindəki artımın əsas səbəbi nədir? - EKSPERT AÇIQLADI

Taksi qiymətlərindəki artımın əsas səbəbi nədir? - EKSPERT AÇIQLADI

Bakıda fəaliyyət göstərən bəzi taksi şirkətlərinin xidmət haqlarını artırması sərnişinlər arasında narazılıq yaradıb. Son günlər taksi sifariş edənlər əvvəlki dövrlə müqayisədə daha yüksək qiymətlərlə üzləşdiklərini bildirirlər. Bəs qiymətlərin bahalaşması paytaxtda nəqliyyat seçimlərinə necə təsir edə bilər? Taksi qiymətlərindəki artımın əsas səbəbi nədir? Bu bahalaşma sərnişin sayına təsir göstərə bilərmi?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, taksi qiymətlərinin bahalaşması, bildiyimiz kimi, ənənəvi və daimi müzakirə olunan mövzulardan biridir:

“Burada məsələnin əsas mahiyyəti taksi fəaliyyəti ilə məşğul olan şəxslərin maraq dairəsinin azalması və yaxud taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinin sayının azalması ilə bağlıdır.

Məsələn, avtomobil var, amma onu idarə edəcək şəxs yoxdur. Yəni sürücülərin sayının azalması da bu prosesə təsir göstərə bilər.

Digər tərəfdən, avtomobillərə qoyulan yüksək tələblər də sərnişin daşınmasına və yeni avtomobillərin alınmasına müəyyən maneələr yarada bilər.

Taksi qiymətlərinin formalaşmasında əsas amillərdən biri də xidmət göstərən platformaların və şirkətlərin müəyyən etdiyi qiymət siyasətidir. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlər qiymətləri birbaşa özləri müəyyən edirlər. Buna görə də tariflər əsasən onların tətbiq etdiyi qiymətlər əsasında formalaşır.

Bu sahədə qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı daha ətraflı və rəsmi məlumatlar olmadığından, mövcud vəziyyəti əsasən həmin amillərə istinad edərək qiymətləndirmək mümkündür”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə