Qida trendi necə yaranır? – TikTok reseptlərinin arxasındakı mexanizm - MÜTƏXƏSSİS AÇIQLADI

"Sosial media nəinki qida tərzimiz, ümumilikdə həyat tərzimizin dəyişməsinə səbəb olur. Bir çox insan yeni yemək reseptlərini kitabdan, televiziyadan yox, qısa videolar vasitəsilə öyrənir. Bir neçə saniyəlik videoda hazırlanan, iştahaaçan görünən yeməklər qısa zamanda trendə çevrilir və minlərlə insan tərəfindən təkrar olunur". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bu cür trendlərin sağlam qidalanmaya təsiri həm müsbət, həm də mənfi tərəfləri ilə diqqət çəkir: "Müsbət tərəfi odur ki, sosial mediada yayılan bəzi reseptlər insanların evdə yemək bişirməyə marağını artırır. Bu cür videolar izləyiciləri evdə daha sağlam məhsullar seçməyə, şəkərli içkilər və fast fooddan uzaq durmağa təşviq edir. Bəzi istifadəçilər üçün sosial şəbəkələr sağlam qidalanma haqqında məlumat və motivasiya mənbəyinə çevrilir. Başqa bir yöndən baxsaq çox vaxt trend olan reseptlərin əsas məqsədi sağlamlıq yox, diqqət cəlb etmək olur. Qısa müddətli videolarda diqqəti çəkən vizual effekt yaratmaq üçün çoxlu pendir, şəkər, krem, yağ və müxtəlif souslardan istifadə edilir. Bu reseptlər estetik baxımdan cəlbedici görsənsə də qeyri-sağlam ola bilər. Əksəriyyət bəzən videoda gördükləri yeməkləri dadmaq istəyi ilə qidaların tərkibinə, qida balansına və orqanizmə təsirinə fikir vermir. Nəticədə isə sosial mediada cəlbedici görünən, lakin qidalanma baxımından zəif yeməklər geniş yayılır.

Nəzərə alaq ki, sosial şəbəkələrdə yayılan “sağlam” reseptlərin də hamısı həqiqətən sağlam olmaya bilər. Bir çox hallarda fit, diet kimi adlarla təqdim edilən bir çox reseptdə gizli şəkər, yüksək kalori dəyərləri olur. Bəzi istifadəçilər isə bu məlumatları yoxlamadan, yalnız videonun cazibəsinə aldanaraq resepti sınayırlar. Belə hallarda sosial mediada paylaşım mədəniyyəti qidalanma biliklərindən daha vacib rol oynayır. İnsanların sosial mediada gördükləri reseptlərə yanaşması da fərqlidir. Bəzi izləyicilər reseptin tərkibinə diqqətlə baxır, məhsulları sağlam alternativlərlə əvəz etməyə çalışır. Digərləri isə əsasən görünüş və dad faktoru ilə maraqlanır. Gənclər arasında dadlı görünsün, qalanı vacib deyil düşüncəsi geniş yayılıb. Balanslı qidalanma yalnız dadla deyil, həm də orqanizmə faydalı maddələrlə təmin olunmaqla mümkündür.

Sosial şəbəkələrdə trend olan reseptlərin çoxalması insanların qidalanma davranışını da dəyişir. Əvvəllər insanlar ənənəvi reseptlərə üstünlük verirdilərsə, indi daha çox asan və bir neçə dəqiqəyə hazır olan yeməklərə maraq göstərirlər. Bu da uzunmüddətli baxımdan sağlam qidalanma vərdişlərinin zəifləməsinə gətirib çıxara bilər. Tez hazırlanan və cəlbedici görünən yeməklər adətən lif, vitamin və mineral baxımından zəif olur".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə