AXCP və Müsavatın fəaliyyətlərinin dayandırılması ictimai tələbdir

Qanun Ramiz Mehdiyevin dəstəsinin üzvlərindən olan Əli Kərimlinin, İsa Qəmbərin və Cəmil Həsənlinin həbs edilməsini zərurətə çevirir

Dəfələrlə yazmışıq, həm də bildirmişik ki, dövlətin və xalqın maraqlarına zidd fəaliyyət göstərən AXCP və Müsavat partiyalarının dövlət qeydiyyatları ləğv edilməlidir. Səbəb göstərib, faktlar ortaya qoymuşuq. Təəssüflər olsun sözügedən partiyalara qarşı hələ də qanuna uyğun addımlar atılmır, humanistlik göstərilir. Bundan ruhlanan Müsavat, AXCP, eləcə də dövlət qeydiyyatı olmadan fəaliyyət göstərən Milli Şura yeni-yeni hüquqpozmalara yol verir, milli və dövlətçilik maraqlarına zərbə vurmağa hesablanan əməllər törədirlər. 2003-cü ilin 15-16 oktyabr hadisələri zamanı AXCP və Müsavat iğtişaşlar, eləcə də qarşıdurmalarla ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, hakimiyyətin zorla ələ keçirilməsinə və saxlanılmasına cəhd göstərilmişdir. Eyni iyrənc hərəkətlər 2005-ci ilin noyabr, 2013-cü il oktyabr və 2019-cu ilin oktyabrın 19-da təkrarlanmışdır. Daha bir sübut, AXCP və Müsavat radikal dini cərəyanlara iş birliyinə gedərək azad, demokratik, dünyəvi Azərbaycanı məhv edib, yerində şəriət qaydaları ilə idarə oluna biləcək "səfəvilik" adlı quruluş yaratmaq istəyində olublar. AXCP və Müsavatın fars-molla rejiminin ideya müəllifliyi ilə yaradılan "Müsəlman Birliyi Hərəkatı" ilə geniş əməkdaşlıq etməsi, tez-tez hərəkatın rəhbəri Taleh Bağırzadə ilə görüşlər keçirib, müzakirələr aparması Azərbaycan cəmiyyətində hər kəsin bildiyi faktdır. 2019-cu ilin fevralında müttəfiqlərin görüşündən əks olunan səs yazıları da üzə çıxmışdı. Səs yazısından məlum olur ki, T.Bağırzadə Əli Kərimli və İsa Qəmbərdən real addımların atılmasını tələb edir. T.Bağırzadə qeyd etmişdi ki, "Azərbaycanda İran, Livan və digər yerlərlə müqayisədə islamçılıq zəifdir. Ona görə milli kimlik məsələsindən istifadə etməliyik. Müxalifətlə münasibətlərə gəldikdə isə, onlara demişik ki, ayətulla Xamneyi ağamızdır, "qırmızı xətt"imizdir, ona toxunmasınlar".

AXCP və Müsavat "Siyasi partiyalar haqqında" qanunu kobud şəkildə pozurlar

Taleh Bağırzadə AXCP, Müsavat və "Milli Şura" ilə əlaqələrindən danışarkən bildirir ki, hər tərəf öz maraqlarını güdür: "Biz onlara deməmişik ki, demokratıq, filanıq, Qərbə meyilliyik. Əsla. Bunu bilirlər və şərtlərimizi qəbul ediblər. Mediaya çıxışımız zəif idi, bizə imkanlar yaradıblar. Tribuna veriblər ki, sözümüzü deyək. Nəyi pisdir?! İstifadə edin onlardan, yararlanın".

Az sonra AXCP və Müsavat yetkililəri üzə çıxan səs yazısını və fars-molla rejimi ilə əlaqələrini etiraf etməyə məcbur olmuşdular. Ə.Kərimlinin əsas trollarından olan, AXCP İdarə Heyətinin üzvü Natiq Ədilov sosial şəbəkə hesabında qeyd etmişdir ki, "Müsəlman Birliyi Hərəkatı" ilə əlaqələrinin gizli deyil: "Bəyəm bu sirr, yaxud gizli saxlanılan xəbərdir ki? Məsələ budur ki, şiə əqidəsinə görə hər bir ibadət əhli (ciddi dini həyat yaşayanlar) gündəlik fəaliyyətini, rituallarını tənzimləmək üçün özünə mərceyi-təqlid seçməyə məhkumdur. Mərceyi-təqlid o şəxsdir ki, mömin hansısa dini məsələdə ixtilafa düşəndə, hansısa sualın cavabını tapmayanda baxır ona və ondan örnək alır, onun cavabını özü üçün əsas seçir. Təkcə Tale Bağırzadə deyil, ölkədə şiə əqidəsinin praktik daşıyıcılarının hamısının mərceyi təqlidi var və bu adi haldır".

T.Bağırzadənin dediyinə görə, AXCP, Müsavat və s. müxalifət partiyaları ilə "Müsəlman Birliyi Hərəkatı"nın müttəfiq olması sadəcə, üzdədir: "Əslində onlar bizə yox, biz onlara gərəyik. Bundan da yararlanırıq və gələcəkdə də istifadə etməliyik. Azərbaycanda müsəlman dövləti qurmalıyıq, bölücülüyə son qoymalıyıq. İdeologiyamız milli və İslami kimlikdir. Allahın köməyi ilə güclənəndən sonra burada dini, Şəriət əsasında, səfəvi dövləti qurmalıyıq. Şah İsmayıl Xətai də türkçü olmayıb, türk olmayıb. Türkçülük 19-ci əsrdə yaranıb. Biz də səfəvilərin "qızılbaşlıq" ideologiyasını bərpa etməliyik".

Bu və digər faktlar təsdiq edir ki, AXCP, Müsavat və Milli Şura rəhbərləri Azərbaycan dövlətçiliyini sarsıtmaq, hakimiyyəti çıxılmaz duruma salmaq üçün hər cür çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinməyiblər. T.Bağırzadə kimi fars-molla rejiminin mollalarının əlini öpən məxluqla iş birliyinə getməklə Azərbaycanda konstitusion quruluşu dəyişmək və ölkəni orta əsrlərə sürükləmək məqsədi daşıyıblar.

Məsələnin səthi araşdırılması və bir neçə faktın ortaya qoyulması kifayətdir ki, AXCP və Müsavatın dövlət qeydiyyatlarının ləğv edilməsi üçün əsaslar yaransın. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunununa görə, siyasi partiyaların aşağıdakı məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir:
- Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi;
- terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği;
- irqi, dini və ya etnik düşmənçiliyin salınması.

Əli Kərimli və İsa Qəmbərin Ramiz Mehdiyevin dəstəsinin fəal üzvlərindən olduqları sübuta yetirilir

Bir məsələni də vurğulamaq lazımdır ki, AXCP və Müsavat funksionerləri Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin dəstəsinin fəal üzvlərindən olmaqla ölkədə dövlət çevrilişinin həyata keçirilməsində də iştirak ediblər. Bu isə AXCP və Müsavatın dövlət qeydiyyatlarının ləğv olunması, eləcə də Əli Kərimlinin və İsa Qəmbərin həbs olunmaları üçün növbəti əsaslı faktdır. Tərəflər nə qədər sakit formada əməkdaşlıq etməyə çalışsalar da nəhayətdə ifşa olundular. Məlum oldu ki, R.Mehdiyev və dəstəsi AXCP və Müsavata 18 milyon manat maliyyə yardımı göstərib. Eyni zamanda o fakt da üzə çıxdı ki, R.Mehdiyev 50 nəfərin iştirakı ilə Dövlət Şurası yaratmaq xülyasında olub. Hansı ki, həmin ideya hələ uzun illər öncə İsa Qəmbər və ətrafı tərəfindən irəli sürülmüşdü. İndi aydın olur ki, R.Mehdiyev Əli Kərimlinin və İsa Qəmbərin fərsiz və bacarıqsız olduqlarını anladığından bu dəfə özü həmin separatçı ideyanı reallaşdırmaq xülyasında olub. Təbii ki, bu zaman keçmiş nazirlərin, icra hakimiyyətlərinin başçılarının, indiki və keçmiş deputatların, eləcə də İsa Qəmbərin və Əli Kərimlinin dəstəyinə arxalanıb. İsa Qəmbərin ötən həftə qeyd etdikləri onların R.Mehdiyevin bulağından su içdiklərini təsdiqləyir. Müsavat partiyası məsələ ilə bağlı paylaşımında vurğulayır ki, Ramiz Mehdiyevin ideyasına oxşar model hələ 2003-cü ildə Etibar Məmmədov tərəfindən İsa Qəmbərə təklif olunub: "1. 2003-cü il oktyabr ayında – prezident seçkilərinə 7–8 gün qalmış – Etibar Məmmədov öz namizədliyini geri çəkməsi və mənim namizədliyimi dəstəkləməsi müqabilində məndən, seçiləcəyim təqdirdə:

a) Baş nazir vəzifəsinin ona verilməsini,

b) Seçkidən dərhal sonra Dövlət Şurasının yaradılmasını,

c) onun həmin Şuraya sədr təyin edilməsini,

d) Xarici İşlər Nazirliyinin və bütün güc strukturlarının Dövlət Şurasının sədrinə – yəni ona – tabe etdirilməsini və s. tələb etdi.

Mən ona bildirdim ki, seçiləcəyim təqdirdə onun baş nazir təyin olunmasını məqbul sayıram, lakin digər tələblər nə məntiqə, nə də Konstitusiyaya uyğundur.

2. Guya mən bu təkliflərin hamısını qəbul edib sonradan fikrimi dəyişmişəm – bu, həqiqəti əks etdirmir. Mən orada Etibar Məmmədova dedim ki, həddindən artıq çətin şərtlər irəli sürürsünüz, bunların qəbul edilməsi real görünmür. Hər halda, bu məsələləri Müsavat Partiyasının rəhbərliyi və müttəfiqlərimlə müzakirə etdikdən sonra sabah günorta saat 13:00-a qədər cavab verəcəyəm. Ertəsi gün günorta saat birə bir neçə dəqiqə qalmış mən Etibar Məmmədova zəng etdim və onun təkliflərinin məqbul olmadığını bildirdim. Məsələnin mahiyyəti qısaca olaraq budur".

Əli Kərimlinin və İsa Qəmbərin pozucu dairələrlə əlaqələri ilə yanaşı cəmiyyətdə çaşqınlıq yaratmaq üçün dezinformasiyalar da yaymaları onların Azərbaycanın uğurlarının düşmən kəsildiklərini təsdiqləyir. Fikir verin, 44 günlük müharibədən əvvəl AXCP sədri Əli Kərimli sosial media üzərindən "Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil" deyə sayıqlayırdı, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində, 2023-cü ilin 19 sentyabr antiterror əməliyyatları zamanı və Zəngəzur dəhlizi ilə bağlı proseslərdə milli birliyi pozmağa, beynəlxalq təzyiq mexanizmlərinə arqument verməyə çalışması, "5-ci kolona" "novarçılar", "feministlər" kimi qrupların da aktiv qoşulması və sair separatçı fikirlər, eləcə də əməllər dağıdıcı ünsürlərin Azərbaycan dövlətçiliyinə qarşı çıxdıqlarını göstərir. Bununla yanaşı dəfələrlə Ə.Kərimli Vətən Müharibəsində əldə olunan parlaq hərbi, siyasi, diplomatik qələbələrimizə kölgə salan yala, böhtan xarakterli fikirlər səsləndirmişdir. Bununla yanaşı "Yurd" şefi açıq şəkildə Ermənistandakı revanşistlərlə eyni mövqedən çıxış etdiyini nümayiş etdirmişdir.

Dövlət qeydiyyatı olmayan Milli Şura hansı əsasla fəaliyyət göstərir

Göründüyü kimi, qanun birmənalı şəkildə AXCP və Müsavatın qanuna zidd fəaliyyət göstərdiyini nümayiş etdirir. Bu isə həmin partiyaların dövlət qeydiyyatlarının ləğv edilməsini tələb edir. Digə diqqətçəkən məqam ondan ibarətdi ki, Əli Kərimli əksər hallarda Milli Şuranın adından çıxış edir, bəyanatlar verir və aksiyaların keçirilməsi ilə bağlı çağırışlar edir. Bu birbaşa qanunlrara qarşı çıxmaq deməkdir. Çünki "Siyasi partiyalar haqqında" qanuna görə, siyasi partiyaların, təşkilatların, qrumların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsini qadağan edir. Qanunda əks olunan müddüalara əsasən siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur. Siyasi partiyalar öz hüquqlarından sui-istifadə etməməlidir.Siyasi partiyaya üzv olmaq kişi və qadınlar üçün eyni şərtlərlə mümkün olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır. Siyasi partiyanın Nizamnaməsi həmin partiyanın fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi (bu Qanunla müəyyən edilmiş hərəkətlər istisna olmaqla), o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak qadağandır. Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsi, o cümlədən qərarların qəbul edilməsi və ya sənədlərin imzalanması da qadağan edilir.

Başqa bir məqam ondan ibarətdir ki, Əli Kərimli açıq şəkildə cəmiyyətə və qanunlara meydan oxuyur. İstənilən vaxt partiya üzvlərini partiyadan xaric edir, xoş gəlmədiyi üzvlərə qarşı hörmətsizlik göstərir, xaricdən maliyyə yardımları almaqla özünü islaholunmaz küçə usağı kimi aparır. Halbuki, siyasi partiyanın məqsədləri Konstitusiyaya zidd olduqda, qanunsuz maliyyə yardımları aldıqda, maliyyə hesabatlarını təqdim etmədikdə və digər qanunsuz hərəkətlərə görə, siyasi partiyanın fəaliyyəti dayandırıla və dövlət qeydiyyatı ləğv oluna bilər. Nəzərə almaq lazımdır ki, AXCP xaricdən maliyyə yardımları alır, bu günə qədər müvafiq dövlət orqanlarına maliyyə hesabatları təqdim etmir. Bütün bunlar əsas verir ki, AXCP , eləcə də yuxarıda qeyd etdiyim faktlara görə, Müsavatın fəaliyyəti dayandırılsın, dövlət qeydiyyatı olmadan Milli Şuranın adından çıxış etdiklərinə görə, Cəmil Həsənli və Əli Kərimli, eləcə də İsa Qəmbər həbs olunsunlar. Bu, sadəcə qanunun tələbi deyil, həm də cəmiyyətin istəyi və tələbidir.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə