Hazırda 35 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərilir - Nazirlik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli filialları tərəfindən 35 şəhid ailəsi evdə (səyyar) sosial-məişət xidməti ilə təmin olunur. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin ailələr Sumqayıt, Xaçmaz, Quba, Şamaxı, Ağsu, Hacıqabul, Cəlilabad, Astara, Zərdab və digər şəhər və rayonlarda yaşayırlar.

Agentliyin sosial xidmətçiləri şəhidlərimizin yadigarlarının evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınmasında və digər işlərdə kömək göstərirlər.

Agentlik tərəfindən bu ilin ötən dövründə ümumiilikdə 3 min 774 nəfər tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərilib.

Həmin xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə