“Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə raket hücumları həyata keçirilib. Bu hücumlar nəticəsində 27 nəfər həlak olub, 70-dən çox insan yaralanıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Ermənistan bu addımı ilə 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun əlavə protokollarını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, humanitar hüququ və atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmuş oldu: ”Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alması idi. Qeyd edilməlidir ki, Bərdə döyüş mövqelərindən uzaqda yerləşirdi. Bu isə göstərir ki, Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinə bilərəkdən ağır artilleriya və ballistik raketlərlə zərbələr endirilib. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bərdə şəhərinin dinc sakinləri, sıx ticarət obyektləri və insanların sıx yaşadığı ərazilərə “Smerç” tipli kasetli, dağıdıcı, ballistik raketlərlə hücum edilib. Bu raketlər kütləvi insan tələfatına hesablanmışdı. Bütün bunlar xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
44 günlük Vətən müharibəsi dövründə ermənilər tərəfindən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ və digər şəhərlərimizə raket atmaq cəhdləri beynəlxalq hüquq və Azərbaycanın milli qanunvericiliyi ilə ağır cinayət sayılır. Bərdə terroru ilə bağlı cinayət işi başlanıb. Bu cinayətlərlə əlaqəli şəxslərin bir qismi artıq Azərbaycan məhkəmələri qarşısında cavab verirlər. Digərləri də zaman gələcək ədalət qarşısında cavab verəcəklər. Bu hadisələr nə xalqımızın iradəsini qıra bildi, nə də cəmiyyətimizi zəiflətdi. Əksinə, xalq Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi və şanlı Ordumuz düşməni darmadağın edərək tarixi Zəfər qazandı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB