"Ermənistan siyasi böhrandan xilas olmaq istəyir" - ŞƏRH EDİLDİ

"Ermənistanın sülhə getməsinə mane olan bir sıra ciddi məsələlər mövcuddur. Əvvəlcə tarixi prosesə nəzər salaq. Ermənistan uzun illər xuntaçı, radikal və şovinist qüvvələrin təsiri altında idarə olunmuş, cəmiyyətdə işğal və aqressiya psixologiyası formalaşdırılmışdır". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, bu ideoloji xətt həm dövlət düşüncəsində, həm də ictimai şüurda dərin izlər buraxmışdır: "Bundan əlavə qeyd etmək lazımdır ki, bu gün də erməni lobbisi müxtəlif ölkələrdə və beynəlxalq dairələrdə sülh prosesini pozmağa çalışır. Bəzi xarici güclər Cənubi Qafqazda sabitliyin yaranmasında maraqlı deyillər, çünki bölgədə gərginlik onların siyasi təsir imkanlarını genişləndirir. Ermənistan daxilində də revanşist müxalif qüvvələr və keçmiş hakimiyyət təmsilçiləri sülh prosesinə qarşı ciddi təzyiq göstərirlər. Bundan başqa, Ermənistan Apostol Kilsəsi də bəzən radikal mövqelər ortaya qoyaraq sülh təşəbbüslərinə mane olmaqda maraqlı görünür. Bütün bunlar sülhün əldə edilməsində əsas əngəllərdən biridir.

Digər tərəfdən, Ermənistan hökumətindən müəyyən sülhyönümlü bəyanatlar eşidirik və bir sıra addımlar da artıq Azərbaycanın tələbləri əsasında atılıb. Lakin açıq şəkildə demək lazımdır ki, hökumətin özündə də sülh məsələsində tam qətiyyət hiss olunmur. Ola bilsin, bu tərəddüd seçki prosesləri ilə bağlıdır və ya 2026-cı ildə keçiriləcək seçkilərdən əvvəl cəmiyyətdə bu mövzunun gərginlik yaratmasından ehtiyat edilir. Bununla belə, reallıq budur ki, Ermənistanın siyasi böhrandan çıxmasının və uzunmüddətli sabitlik əldə etməsinin yeganə yolu Azərbaycanla sülh sazişinin bağlanması və Zəngəzur dəhlizinin açılmasına razılıq verilməsidir. Bu addım nə qədər gecikdirilsə, Ermənistanın həm iqtisadi, həm də siyasi böhran içində qalma ehtimalı bir o qədər artır. Sülh prosesi uzandıqca ölkə daxilində sosial narazılıq dərinləşəcək və Ermənistan üçün inkişaf imkanları daha da məhdudlaşacaq. Buna görə də prosesin yekunlaşdırılması artıq zərurət deyil, həyati vacib strateji qərardır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə