“Beynəlxalq yarışlara ev sahibliyi ölkəmizin nüfuzunu artırır” - DEPUTAT DANIŞDI
“Tiranada keçirilmiş Avropa çempionatında Azərbaycan güləşçilərinin komanda hesabında birinci yeri tutması idman nailiyyəti olmaqla yanaşı, həm də ölkədə həyata keçirilən idman siyasətinin uğurlu nəticəsidir. Həm yunan-Roma, həm sərbəst, həm də qadın güləşi üzrə əldə edilən uğurlar Azərbaycanın bu sahədə Avropanın aparıcı güclərindən biri olduğunu bir daha təsdiqləyir”.
Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, regionlarda yaradılmış infrastruktur istedadlı gənclərin aşkara çıxarılması üçün geniş imkanlar yaradır:
”Seçim və hazırlıq prosesinin düzgün qurulması nəticəsində gənc idmançıların sürətlə beynəlxalq səviyyəyə yüksəlməsi müşahidə olunur. Bu isə gələcək uğurlar üçün möhkəm zəmin formalaşdırır.
Prezident İlham Əliyevin gənclərlə görüşü bir daha göstərdi ki, idman yalnız nəticə deyil, həm də mənəvi dəyərlər sistemidir. İdmançıların yalnız yarış meydanında deyil, gündəlik həyatda da nümunəvi davranış sərgiləməsinin vacibliyi xüsusi vurğulandı. Bu yanaşma idmanı cəmiyyət üçün vacib istiqamətə çevirir və gənc nəslin formalaşmasında mühüm rol oynayır.
Eyni zamanda, beynəlxalq yarışlarda müşahidə olunan bəzi ədalətsizliklərə baxmayaraq, Azərbaycan idmançılarının ləyaqətli davranış nümayiş etdirməsi ölkənin idman mədəniyyətinin yüksək səviyyədə olduğunu göstərir. Bu, həm də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edən amillərdəndir. Cənab Prezident də bu mənada idmançılarımıza öz tövsiyələrini verdi, “ləyaqətli davranışı qorumaq həmişə vacibdir” söylədi.
Ümumilikdə, Azərbaycan idmanı bu gün yalnız qazanılan medallarla deyil, həm də sistemli inkişaf strategiyası, güclü infrastruktur, peşəkar kadr hazırlığı və sağlam mənəvi dəyərlər üzərində qurulmuş modeli ilə seçilir. Mövcud dinamika yaxın gələcəkdə Azərbaycan idmançılarının həm Avropa, həm də dünya miqyasında daha böyük uğurlara imza atacağına zəmin yaradır.
Dövlət başçısı idmanın kütləviliyi məsələsini də xüsusi qeyd etdi. Son illərdə ölkənin bütün bölgələrində Olimpiya İdman komplekslərinin yaradılması, güləş zallarının fəaliyyət göstərməsi və seleksiya işinin düzgün qurulması gənc nəslin idmana cəlb olunmasına geniş imkanlar açır. Regionlarda keçirilən beynəlxalq yarışlar da bu siyasətin davamlı xarakter daşıdığını göstərir. Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunları, MDB Oyunları kimi nüfuzlu idman yarışlarına ev sahibliyi etmək ölkəmizin nüfuzunu daha da artırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB