“Süni uşaq qidalarının seçimi və hazırlanması zamanı diqqətli olmaq vacibdir” -EKSPERT DANIŞDI

“Süni uşaq qidalarının seçimi və hazırlanması zamanı diqqətli olmaq vacibdir” -EKSPERT DANIŞDI

“Ana südü körpənin həyatının ilk aylarında qida və inkişaf ehtiyaclarının ödənilməsində mühüm rol oynayır. Bəzi hallarda ana südü ilə qidalanma mümkün olmadığından süni qidalardan istifadə edilir. Belə vəziyyətlərdə məhsulun körpənin yaşına və fərdi ehtiyaclarına uyğun seçilməsi, həmçinin düzgün hazırlanması vacibdir”.

Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.

Onun sözlərinə görə, süni qidalanma özlüyündə körpənin sağlamlığı üçün zərərli hesab edilmir. Əsas risklər qidanın düzgün seçilməməsi, normadan artıq verilməsi və körpənin ehtiyaclarına uyğun olmayan qidalanma rejimi ilə bağlı ola bilər. Körpəlik dövründə həddindən artıq enerji qəbulu gələcəkdə artıq çəki riskini artıran amillərdən biridir.

Ekspert qeyd edib ki, valideynlər uşaq qidası seçərkən yalnız reklam və qablaşdırmanın üzərindəki cəlbedici ifadələrə əsaslanmamalıdırlar. Məhsulun körpənin yaşına uyğunluğu, tərkibi və hazırlanma qaydaları diqqətlə yoxlanılmalıdır. Məhsulun üzərində “təbii”, “sağlam” və “vitaminlərlə zəngin” kimi ifadələrin olması onun bütün uşaqlar üçün daha uyğun olduğu anlamına gəlmir.

A. Vəliyev vurğulayıb ki, körpənin qidalanmasında porsiyanın düzgün müəyyənləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Daha çox qida qəbulunun daha yaxşı inkişaf demək olduğu düşüncəsi yanlışdır. Körpənin qida ehtiyacı onun yaşına, inkişafına və fərdi xüsusiyyətlərinə uyğun dəyişir.

Ekspert əlavə edib ki, süni qidaların hazırlanması və saxlanması zamanı gigiyena qaydalarına ciddi əməl edilməlidir. Əllərin, qidalanma qablarının və hazırlıq səthlərinin təmizliyi, məhsulun təlimata uyğun hazırlanması və düzgün saxlanması qida təhlükəsizliyinin əsas şərtlərindəndir.

Onun sözlərinə görə, körpələr infeksiyalara daha həssas olduqları üçün qidalanma zamanı gigiyenik qaydalara xüsusi diqqət yetirilməlidir. Valideynlər məhsulun hazırlanması və saxlanması ilə bağlı göstərişlərə əməl etməli, körpənin qidalanması ilə əlaqədar şübhə yarandıqda pediatrla məsləhətləşməlidirlər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə