“Tədbirə ümumilikdə 1200 nəfər müraciət edib, 20 komanda formalaşdırılıb” - FƏRİD HACIAĞABƏYLİ
“Başqa metropolitenlərdən fərqli olaraq, ölkəmizdə ilk dəfə süni intellekt həlləri vasitəsilə metroda sıxlığın aradan qaldırılması mövzusunda gənclər arasında hakaton keçirilir”. SİA xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni"nin İnsan resursları üzrə direktor müavini Fərid Hacıağabəyli bildirib.
Onun sözlərinə görə, bu tədbirin əsas özəlliyi ondan ibarətdir ki, süni intellekt və IT sahəsində fəaliyyət göstərən tələbələr və peşəkar mütəxəssislər bir araya gələrək real problemin – metroda sıxlığın azaldılması istiqamətində çalışırlar.
Hakaton çərçivəsində komandalar əsasən üç istiqamət üzrə həllər hazırlayırlar: giriş-çıxış zonalarında sıxlığın aradan qaldırılması, eskalator və platformalarda sıxlığın optimallaşdırılması, həmçinin qatar daxilində sərnişin axınının düzgün idarə olunması.
Tədbirə ümumilikdə 1200 nəfər müraciət edib və bu müraciətlər əsasında təxminən 20 komanda formalaşdırılıb. Hazırda stansiyada 100-ə yaxın iştirakçı aktiv şəkildə prosesdə iştirak edir.
Bu hakatonun digər tədbirlərdən fərqli cəhəti ondan ibarətdir ki, birbaşa metro məkanında – real şəraitdə keçirilir. Bu isə iştirakçılara problemi yerində analiz edib daha effektiv həllər hazırlamağa imkan yaradır.
Yekunda qalib komandalar final mərhələsində layihələrini təqdim edəcək və birinci, ikinci və üçüncü yerlər üzrə mükafatlandırılacaqlar.
Eyni zamanda qeyd etmək lazımdır ki, bu hakaton gənclər, xüsusilə də xanımlar arasında böyük maraq doğurub. İştirakçılar arasında çox sayda gənc və təhsilli xanımların olması sevindirici haldır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB