“Rəqəmsal transformasiya medianın rolunu köklü şəkildə dəyişir” - Fazil Novruzov

“İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkədə məşğulluğun artırılması istiqamətində mühüm nəticələr əldə olunub və bu fonda bütün sahələrdə modernləşmə prosesi sürətlənib”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forum çərçivəsində “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, dünyada geniş yayılan rəqəmsal transformasiya prosesi Azərbaycanda da son illərdə sürətlə inkişaf edir və qəbul olunan strateji sənədlər bu sahənin prioritet istiqamətə çevrildiyini göstərir.

Fazil Novruzov qeyd edib ki, elm, təhsil, səhiyyə və digər sahələrdə rəqəmsallaşma genişlənir və media da bu dəyişikliklərin əsas iştirakçısına çevrilir: “Media cəmiyyətin müxtəlif təbəqələri arasında körpü rolunu oynayaraq transformasiyanın aparıcı qüvvələrindən biri olur”.

O vurğulayıb ki, ənənəvi media vasitələri artıq rəqəmsal platformalarda birləşərək vahid informasiya mühiti formalaşdırır, məlumatın yayılma sürəti artır və auditoriyanın tələbləri dəyişir.

Fazil Novruzov əlavə edib ki, müasir mərhələdə fərdiləşmə və interaktivlik medianın əsas xüsusiyyətlərinə çevrilib: “Bu gün hər bir vətəndaş həm kontent yaradıcısı, həm istehlakçısı, həm də yayıcısı rolunda çıxış edir”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə