“Süni intellekt mediada imkanlar yaratsa da, etimad məsələsi əsasdır” - Səbinə Seyidova

“Bu gün media mühitində həm yalan, həm də qeyri-dəqiq məlumatların yayılması ciddi problem olaraq qalır. Əsas məsələ isə süni intellekt və rəqəmsal texnologiyalardan necə istifadə olunması və bu prosesin necə idarə edilməsidir”.

SİA xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forum çərçivəsində “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, süni intellektin mediaya inteqrasiyası yeni deyil və hələ 2014-cü ildən etibarən bəzi ölkələrdə avtomatlaşdırılmış kontent istehsalı tətbiq olunub.

Səbinə Seyidova qeyd edib ki, bu gün süni intellekt jurnalistlərə böyük məlumat bazalarını emal etmək, daha sürətli analiz aparmaq və araşdırmaları dərinləşdirmək imkanı yaradır.

Onun sözlərinə görə, müasir mediada süni intellekt vasitəsilə hazırlanan vizuallar və məlumatlar daha geniş istifadə olunur və bu, kontentin keyfiyyətinə müsbət təsir edir.

Səbinə Seyidova vurğulayıb ki, bununla yanaşı, tam avtomatlaşdırma ictimai etimad üçün risk yarada bilər: “Media yalnız informasiya istehsal edən platforma deyil, eyni zamanda etibar mənbəyidir”.

O əlavə edib ki, əsas məqsəd süni intellekti jurnalistikanı əvəz etmək üçün deyil, onu gücləndirmək üçün istifadə etməkdir.

Səbinə Seyidova bildirib ki, istənilən halda əsas prinsip dəyişməz qalır: təqdim olunan məlumat həqiqətə əsaslanmalı və dezinformasiya riski minimuma endirilməlidir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə