“Rəqəmsal idarəetmə və dispetçer sistemlərinin tətbiqi nəticəsində interval azaldılıb” - BƏXTİYAR MƏMMƏDOV

“Bakıda Metropolitenin təşkilatçılığı ilə keçirilən hakaton müasir dövrün tələblərinə uyğun olaraq süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə metroda sərnişin sıxlığının azaldılmasına yönəlmiş innovativ platforma kimi çıxış edir”.
SİA xəbər verir ki , bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda formalaşmaqda olan hakaton ənənələri çərçivəsində bu tədbir həm məkan yanaşması, həm də praktik yönümlü tətbiqləri ilə fərqlənir:

”Tədbirin əsas elmi-praktik əhəmiyyəti ondan ibarətdir ki, iştirakçılar – süni intellekt və İT sahəsində fəaliyyət göstərən tələbələr və mütəxəssislər – real metro mühitində müşahidə apararaq sistemin funksional xüsusiyyətlərini birbaşa analiz edə bilirlər. Bu isə onlara giriş-çıxış axınları, eskalator və platforma yüklənməsi, eləcə də qatar daxilində sərnişin hərəkətinin optimallaşdırılması kimi məsələlər üzrə daha dəqiq modellər qurmaq imkanı yaradır. Metropoliten kimi 125-dən artıq peşə istiqamətini əhatə edən mürəkkəb infrastrukturun mövcudluğu burada təqdim olunan ideyaların sistemli və multidissiplinar xarakter daşımasına zəmin yaradır. Eyni zamanda, son illərdə rəqəmsal idarəetmə və dispetçer sistemlərinin tətbiqi nəticəsində interval müddətlərinin azaldılması və əməliyyat effektivliyinin yüksəldilməsi kimi nəticələr əldə olunmuşdur ki, bu da sahədə texnoloji transformasiyanın real göstəricisidir. Bu kontekstdə hakaton yalnız innovativ ideyaların generasiyası deyil, həm də gələcək mühəndis və mütəxəssislərin formalaşması üçün praktiki təcrübə platforması kimi qiymətləndirilir. Ümumilikdə, belə təşəbbüslər ölkədə süni intellekt əsaslı həllərin inkişafına, nəqliyyat sistemlərinin optimallaşdırılmasına və istedadlı gənclərin üzə çıxmasına elmi-praktik töhfə verir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə