“Neyrotexnologiyalar və rəqəmsal transformasiya qlobal inkişafın əsas istiqamətlərindəndir” - Əzizə Vidadi

“Neyrotexnologiyalar sahəsində də sürətli inkişaflar baş verir. Bu texnologiyalar vasitəsilə nevroloji xəstəliklərin müalicəsi, yaddaş və sinir sisteminin bərpası istiqamətində mühüm tədqiqatlar aparılır”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəisi Əzizə Vidadi “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forum çərçivəsində “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panelində çıxışı zamanı deyib.

O bildirib ki, dünyada aparıcı elmi mərkəzlər bu sahəni gələcəyin prioritet istiqamətlərindən biri kimi qiymətləndirir.

Əzizə Vidadi qeyd edib ki, Azərbaycanda da rəqəmsal transformasiya və innovativ texnologiyaların tətbiqi genişlənməkdədir: “Ali təhsil müəssisələri yeni ixtisaslar, tədqiqat proqramları və innovasiya mərkəzləri formalaşdırır”.

Onun sözlərinə görə, ölkədə həm yerli, həm də beynəlxalq təcrübə izlənilir və təhlil olunur: “Məqsəd Azərbaycanda həyata keçirilən layihələrin qlobal trendlərlə uyğun inkişaf etməsidir”.

O əlavə edib ki, Azərbaycan Dünya İqtisadi Forumunun “Dördüncü Sənaye İnqilabı Mərkəzləri” şəbəkəsi ilə əməkdaşlıq edir və bu çərçivədə qlobal texnoloji trendlər daha yaxından izlənilir.

Əzizə Vidadi vurğulayıb ki, yeni texnologiyaların təhlili dövlət siyasətinin və innovasiya ekosisteminin daha düzgün formalaşmasına töhfə verir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə