Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar.
Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev "sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi" barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər.
Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar.
Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB