“Moskva üçün İran, Qərb sanksiyalarına qarşı iqtisadi və siyasi tərəfdaş rolunu oynayır“ -ŞƏRH EDİLDİ
“Abbas Əraqçinin Rusiyaya səfəri və Vladimir Putin ilə görüşü indiki mərhələdə təkcə adi diplomatik təmas deyil. Bu görüş hazırkı geosiyasi kontekstdə daha geniş mesajlar daşıyır. Xüsusilə Yaxın Şərqdə artan gərginlik, İranın nüvə proqramı ətrafında davam edən mübahisələr və Rusiyanın Qərblə davam edən qarşıdurması bu görüşü sırf protokol səfəri səviyyəsindən çıxarır”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, şübhəsiz ki, hər iki tərəf üçün əsas gözləntilərdən biri İran–Rusiya koordinasiyasının daha da dərinləşməsidir:
”Son illərdə iki ölkə arasında onsuz da enerji, müdafiə və regional təhlükəsizlik sahələrində əməkdaşlıq artıb. Bu səfər də həmin xəttin davamı kimi qiymətləndirilə bilər. Moskva üçün İran, Qərb sanksiyalarına qarşı alternativ iqtisadi və siyasi tərəfdaş rolunu oynayır, Tehran üçün isə Rusiya beynəlxalq təcridin yumşaldılmasında və hərbi təchizat zəncirində mühüm dayaqdır.
Bu baxımdan Əraqçi–Putin görüşündə bölgədəki hərbi-siyasi vəziyyət, ABŞ və İsrailin hücumları, Hörmüz ətrafında gərginlik və digər məsələlərin müzakirəsi şübhəsizdir. Xüsusilə də İranın nüvə proqramı ətrafında yaranan beynəlxalq gərginlik əsas diqqət mərkəzindədir. ABŞ ilə danışıqların dalana dirəndiyi bir mərhələdə Moskva Tehranın diplomatik manevr imkanlarını genişləndirən azsaylı aktorlardan biridir. Buna görə də bu görüş həm də siyasi dəstəyin davam etdirilməsi və mümkün yeni diplomatik formatların müzakirəsi kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, iqtisadi və texnoloji əməkdaşlıq da gündəmdədir. Sanksiyalar altında olan hər iki ölkə alternativ ticarət yolları, bank mexanizmləri və enerji layihələri üzərində işləməkdə maraqlıdır.
Bununla belə, onu da qeyd edim ki, Rusiya-İran münasibətlərinin özünü də tamamilə problemsiz və ya uzunmüddətli tam strateji ittifaq kimi qiymətləndirmək doğru olmaz. Çünki İran və Rusiya arasında tarixən həm əməkdaşlıq, həm də rəqabət elementləri mövcud olub. Xüsusilə Mərkəzi Asiya və Xəzər regionunda maraqların tam üst-üstə düşmədiyi məqamlar var. Bu səbəbdən əməkdaşlıq daha çox situativ strateji yaxınlaşma xarakteri daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB