“Sosial şəbəkələrin yaranmasından sonra media mühitində ciddi struktur dəyişikliklər baş verib. Ənənəvi media uzun illər informasiya istehsalının əsas mərkəzi olsa da, bu gün rəqəmsal platformalar informasiya axınının əsas hissəsini öz üzərinə götürüb”.
SİA xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forum çərçivəsində “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, yeni media anlayışı yalnız texnologiya ilə məhdudlaşmır: “Bu, həm də interaktivlik, sürətli yayılma və istifadəçinin həm istehlakçı, həm də istehsalçı rolunda çıxış etməsi deməkdir”.
Səbinə Seyidova qeyd edib ki, artıq auditoriya passiv deyil, xəbər prosesinin bir hissəsinə çevrilib: “İstifadəçilər məlumatı paylaşır, şərh edir və yayır”.
O vurğulayıb ki, bu dəyişikliklər ənənəvi medianın fəaliyyət modelinə də təsir edib: “Əvvəllər media əsasən bir istiqamətli informasiya ötürürdüsə, indi qarşılıqlı təsir ön plana çıxır”.
Səbinə Seyidova əlavə edib ki, The New York Times və BBC kimi böyük media qurumları da sosial platformalar üçün xüsusi kontent hazırlayır, daha qısa və vizual formatlara üstünlük verirlər.
Onun sözlərinə görə, bu proses medianın həm də rəqəmsal biznes modelinə çevrildiyini göstərir və bazarda rəqabəti artırır.
Səbinə Seyidova bildirib ki, nəticə etibarilə informasiya mühiti daha sürətli və açıq olmaqla yanaşı, daha mürəkkəb və riskli xarakter alıb və bu şəraitdə media savadlılığı və peşəkar jurnalistika standartları daha böyük əhəmiyyət kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB