"Prezident Kuboku 2026"da sonuncu yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Prezident Kuboku 2026" beynəlxalq reqatasının sonuncu yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

SİA xəbər verir ki, Azərbaycan təmsilçiləri Mingəçevirdə keçirilən sonuncu yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Bu gün ikinəfərlik kayak qayığında Tengiz Qaqnidze - Qiyas Əhmədov (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü 200 metr məsafəyə yarışda qızıl mükafata sahib çıxıb. Niyaz Məlikov - İvan Vorobyanski (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü isə gümüş medal qazanıb.

İkinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə (2010-2011) Sənan Cəfərzadə - Tahir Mövsümov dueti bürünc mükafata sahib çıxıb. Akademik avarçəkmədə ikinəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə (2008-2009 təvəllüdlü idmançılar) Azər İlyasov - Tunar Məmmədzadə tandemi də üçüncü olub.

Ümumilikdə yığma beynəlxalq turniri 9 medalla başa vurub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edib.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə