Milli Məclis Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
SİA xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi gömrük qanunvericiliyinin tətbiqi praktikasında ortaya çıxan məsələlərin tənzimlənməsi, gömrük fəaliyyətinin müasir dövrün tələbləri və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, bu sahədə rəqəmsal həllərin tətbiqi, xarici ticarətin asanlaşdırılması, xarici ticarət fəaliyyəti iştirakçılarının hüquqlarının və maraqlarının qorunması məqsədilə, eləcə də məcəllənin qəbulundan keçən müddət ərzində dünya iqtisadiyyatında baş verən dəyişikliklərin və inkişafın milli qanunvericilikdə əks etdirilməsi zərurəti nəzərə alınmaqla hazırlanıb.
Qanun layihəsi üzrə dəyişiklik və əlavələr gömrük qanunvericiliyinin əksər norma və müddəalarını əhatə edir.
Layihənin qəbulu idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunmasında, Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılmasında, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsində, yükdaşımaların keyfiyyətinin yüksəldilməsində, yüklərin çatdırılma müddətinin azaldılmasında, gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin daha da təkmilləşdirilməsində, gömrük nəzarətinin risk əsasında həyata keçirilməsində, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsində, xarici ticarətin asanlaşdırılmasına şəraitin yaradılmasında, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsində mühüm rol oynayacaq.
Qanun layihəsi, həmçinin məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsinə, gömrük nəzarəti və rəsmiləşdirilməsinə sərf olunan vaxt itkisinin aradan qaldırılmasına, ölkənin iqtisadi və milli təhlükəsizliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına, gömrük tənzimləmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimləmə vasitələrinə uyğunlaşdırılmasına və gömrük işi üzrə digər istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB