Qapalı məkanlarda panik atak yaşayan insanın hiss etdiklərini kənardan anlamaq çətindir. Çünki bu, sadəcə “bir az darıxmaq” deyil , bu, sanki nəfəs aldığın havanın birdən-birə çəkilib yoxa çıxması kimidir. Divarlar üzərinə gəlirmiş kimi hiss olunur, ürək döyüntüləri qulaqlarında gurultuya çevrilir, bədən isə səbəbini anlamadığı bir təhlükəyə qarşı hazır vəziyyətə keçir.
Liftin içində, dolu avtobusda, pəncərəsiz otaqda… hər şey normal görünür, amma insanın daxilində fırtına qopur. Ətrafdakılar üçün adi olan məkan, həmin an panik atak yaşayan biri üçün çıxışı olmayan bir labirintə çevrilir. “Buradan çıxmalıyam” düşüncəsi tək həll yolu kimi beynə həkk olunur, amma bəzən çıxış elə də asan olmur.
Ən çətini isə budur: insan anlayır ki, təhlükə real deyil, amma bədəni buna inanmır. Ağıl sakitləşdirmək istəyir, bədən isə qaçmaq. Bu daxili mübarizə insanı daha da yorur, daha da tükəndirir. Bir müddət sonra isə qorxu təkcə məkanlardan yox, həmin hissin özündən yaranır ,yəni insan panik atakın özündən qorxmağa başlayır.
Bu vəziyyətdə olan insanlar çox vaxt susur. Çünki “nə olub ki?” deyən baxışlardan, “özünü ələ al” kimi cümlələrdən bezirlər. Halbuki bu, iradə zəifliyi deyil. Bu, bədənin və psixikanın bir növ həyəcan siqnalıdır , bəzən yığılan stressin, bəzən də izah olunmamış qorxuların səsi.
Qapalı məkanlar bəziləri üçün sadəcə divar və tavandan ibarətdir. Amma bəziləri üçün o divarlar nəfəsi daraldan, ürəyi sıxan görünməz bir təzyiqə çevrilir. Və belə anlarda ən çox ehtiyac duyulan şey , anlaşılmaqdır, yox sayılmaq yox.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB