Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək - Prezidentin xüsusi nümayəndəsi
Ağdam, Füzuli və Xocavənd rayonlarında kənd təsərrüfatının inkişafı, investisiya mühitinin genişləndirilməsi və müasir aqrar istehsal modelinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
SİA xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Zəngilanda keçirilən regional müşavirədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, əsas məqsəd regionda yüksək məhsuldarlığa əsaslanan, innovativ və ixracyönümlü aqrar sistemin qurulmasıdır. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı yalnız torpaqların dövriyyəyə qaytarılması ilə məhdudlaşmır, eyni zamanda müasir texnologiyalar əsasında tam dəyər zənciri formalaşdırılır.
“İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı suya qənaət edən texnologiyalar, ağıllı suvarma sistemləri və rəqəmsal idarəetmə həlləri əsasında qurulur. Eyni zamanda istehsalın emal, saxlama, qablaşdırma, logistika və ixrac mərhələlərini əhatə edən inteqrasiya olunmuş modelin tətbiqi əsas prioritet kimi müəyyən edilib”, - deyən E.Hüseynov bildirib ki, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə ümumilikdə 95 min hektardan artıq əkinəyararlı torpaq sahəsi mövcuddur. Bu sahələrin 45 min hektardan çox hissəsinin yerli sakinlərin istifadəsinə verilməsi, 50 min hektarının isə investisiya layihələri çərçivəsində sahibkarlara ayrılması nəzərdə tutulur. Hazırda investorlar üçün nəzərdə tutulan torpaq fondunun təxminən 24 min hektarının istifadəsiz qalması aqrar sektor üzrə yeni layihələr üçün geniş imkanlar yaradır.
Onun sözlərinə görə, Ağdam rayonu geniş torpaq ehtiyatları və əlverişli relyefi ilə taxılçılıq, yemçilik, heyvandarlıq, bağçılıq və emal sənayesinin inkişafı üçün böyük potensiala malikdir. Füzuli rayonu strateji nəqliyyat mövqeyi, beynəlxalq hava limanı və logistika imkanları ilə aqroemal və ixracyönümlü layihələr üçün əlverişli şərait yaradır. Xocavənd rayonu isə üzümçülük, meyvəçilik, arıçılıq və dağlıq ərazilərdə kənd təsərrüfatının inkişafı üçün xüsusi potensiala sahibdir.
Eyni zamanda, regionda iri və orta fermer təsərrüfatlarının yaradılması, aqroparkların formalaşdırılması, heyvandarlıq və yemçilik təsərrüfatlarının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin qurulması, balıqçılıq və akvakultura layihələrinin təşviqi, logistika və saxlama infrastrukturunun inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib.
Xüsusi nümayəndə bildirib ki, aqrar sektorun dayanıqlı inkişafı üçün yanğın təhlükəsizliyi, bitki və heyvan xəstəliklərinə qarşı mübarizə, zərərvericilərə qarşı tədbirlər və biotəhlükəsizlik mexanizmləri gücləndirilməlidir. Bu məqsədlə aidiyyəti qurumlar, yerli təsərrüfat subyektləri və qonşu regionlar arasında koordinasiya artırılır və qabaqlayıcı risk idarəetmə tədbirləri tətbiq olunur.
“Qarşıdakı dövrdə dövlət dəstəyi, özəl sektorun fəallığı və investisiya imkanlarının genişlənməsi nəticəsində Ağdam, Füzuli və Xocavənd rayonlarının Azərbaycanın əsas aqrar-investisiya və aqroemal mərkəzlərindən birinə çevriləcəyi gözlənilir”, - deyə Emin Hüseynov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB