“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının siyasi-hüquqi ifadəsidir” - ŞƏRH EDİLDİ
“Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişdiyi, təhlükəsizlik risklərinin artdığı və dövlətlər arasında yeni güc balanslarının formalaşdığı bir şəraitdə etibarlı müttəfiqlik münasibətləri hər bir ölkənin milli təhlükəsizliyinin mühüm təminatlarından biri kimi çıxış edir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan ilə Türkiyə arasında formalaşmış qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini rəsmiləşdirən Şuşa Bəyannaməsi yalnız ikitərəfli əlaqələrin inkişafında deyil, bütövlükdə regionun geosiyasi gələcəyinin müəyyənləşdirilməsində mühüm rol oynayan tarixi sənəd kimi xüsusi əhəmiyyət daşıyır:
“2021-ci il iyunun 15-də Qarabağın tacı hesab edilən Şuşa şəhərində imzalanan Bəyannamə təsadüfi bir siyasi akt deyil, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin məntiqi nəticəsi və yeni regional reallıqların hüquqi-siyasi ifadəsidir. Məhz Şuşada imzalanması bu sənədə əlavə siyasi məzmun qazandıraraq Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının beynəlxalq səviyyədə növbəti təsdiqi kimi çıxış etmiş oldu. Eyni zamanda, bu addım Türkiyənin Azərbaycanın milli maraqlarına və haqlı mövqeyinə verdiyi dəstəyin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Şuşa Bəyannaməsinin əsas mahiyyəti Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltməsində aydın və konkret şəkildə ifadə olunur. Əgər əvvəlki dövrdə iki ölkə strateji tərəfdaş kimi çıxış edirdisə, bu sənəddən sonra münasibətlər rəsmi müttəfiqlik müstəvisinə keçmiş oldu. Bu isə tərəflərin milli təhlükəsizlik, müdafiə, xarici siyasət və regional əməkdaşlıq məsələlərində vahid strateji yanaşma nümayiş etdirməsi deməkdir. Sənəddə əks olunan müddəalar göstərir ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq artıq yalnız siyasi və diplomatik sahələrlə məhdudlaşmır. Müdafiə sənayesi, hərbi təhlükəsizlik, enerji, nəqliyyat, kommunikasiya, informasiya təhlükəsizliyi, iqtisadi inteqrasiya və humanitar əməkdaşlıq kimi istiqamətlər vahid strateji çərçivədə birləşdirilir. Bu isə regional və qlobal çağırışlar fonunda hər iki ölkənin dayanıqlığını artıran mühüm amildir. Şuşa Bəyannaməsinin ən mühüm nəticələrindən biri də ölkəmizin təhlükəsizlik sisteminin daha etibarlı əsaslar üzərində qurulmasına xidmət etməsidir. Son illərin geosiyasi prosesləri göstərir ki, beynəlxalq münasibətlərdə təhlükəsizlik yalnız hərbi potensialla deyil, həm də etibarlı müttəfiqlik əlaqələri ilə təmin edilir. Türkiyə kimi regionun aparıcı gücü ilə strateji müttəfiqlik Azərbaycanın suverenliyinin qorunması, mümkün təhdidlərin qarşısının alınması və regional sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bəyannamənin digər mühüm istiqaməti isə onun regional təhlükəsizlik mühitinə təsiri ilə bağlıdır. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar regionun gələcək inkişaf modelini də dəyişdirmişdir. Bu gün regionun əsas ehtiyacı qarşıdurma deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və kommunikasiyaların açılmasıdır. Azərbaycan və Türkiyənin ortaq siyasi iradəsi məhz bu məqsədlərə xidmət edən yeni regional əməkdaşlıq formatlarının formalaşmasına təkan verir. Beləliklə də, Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında imzalanmış sənəd deyil, həm də regionda sabitlik və inkişaf üçün strateji yol xəritəsidir. Sənədin geoiqtisadi əhəmiyyəti də xüsusi diqqət tələb edir. Son illərdə qlobal logistika marşrutlarının yenidən formalaşması fonunda Azərbaycan və Türkiyə Avrasiyanın əsas nəqliyyat və enerji qovşaqlarından birinə çevrilməkdədir. Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars kimi layihələr bunun ən parlaq nümunələridir. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığı daha da genişləndirərək Orta Dəhlizin potensialının artırılması, Şərq-Qərb ticarət marşrutlarının inkişafı və regionun beynəlxalq iqtisadi sistemdə rolunun gücləndirilməsi üçün yeni imkanlar açır. Xüsusilə son illərdə qlobal enerji təhlükəsizliyi məsələsinin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilməsi Azərbaycan-Türkiyə tandeminin əhəmiyyətini daha da artırır. Bu gün hər iki ölkə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Şuşa Bəyannaməsi isə bu strateji əməkdaşlığın uzunmüddətli perspektivdə daha da dərinləşdirilməsi üçün möhkəm siyasi baza formalaşdırır. Bugün Şuşa Bəyannaməsinə nəzər saldıqda aydın şəkildə görünür ki, sənəd yalnız bir dövrün siyasi hadisəsi deyil. O, Azərbaycanın gələcək inkişaf strategiyasının, milli təhlükəsizlik konsepsiyasının və regional liderlik siyasətinin mühüm sütunlarından birinə çevrilib. Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının siyasi-hüquqi ifadəsi olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində Cənubi Qafqazın təhlükəsizlik və inkişaf arxitekturasını formalaşdıran əsas sənədlərdən biri kimi tarixə düşmüşdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB