Azərbaycanda keçirilmiş Dünya Şəhərsalma Forumunun XIII Sessiyası haqqında “Xalq” qəzetinin baş redaktorunun birinci müavini, Azərbaycanın Əməkdar jurnalisti Hümbət Musayevin “Bakı təhlükəsiz və dayanıqlı şəhərlər gündəliyi: WUF13 - Azərbaycan və Çin əməkdaşlığının yeni platforması” sərlövhəli məqaləsi Çinin “Sinxua” (Xinhua) agentliyinin və “Jenmin Jibao” qəzetinin rəsmi internet səhifələrində rus dilində yayımlanıb. Bu, Azərbaycanın qlobal şəhərsalma gündəliyində roluna, Bakıda keçirilmiş WUF13-ün beynəlxalq əhəmiyyətinə və Azərbaycan-Çin əməkdaşlığının yeni məzmununa nüfuzlu Çin mediaları tərəfindən göstərilən yüksək diqqətin ifadəsidir.
SİA xəbər verir ki, məqalədə WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, təşkilatçılıq imkanlarının və davamlı şəhərsalma gündəliyinə töhfəsinin mühüm göstəricisi kimi qiymətləndirilir. Forumda təhlükəsiz, dayanıqlı, inklüziv və insan mərkəzli şəhərlərin qurulması məsələsinin qlobal müzakirənin mərkəzinə gətirildiyi xüsusi vurğulanır. Bu kontekstdə Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirdiyi bərpa-quruculuq işləri ölkənin müasir urbanizasiya yanaşmasının praktik nümunəsi kimi təqdim edilir. Forumun Qafqaz regionunda ilk dəfə keçirilməsi faktının özü Azərbaycanın coğrafi mövqeyini, sadəcə, Şərqlə Qərb arasında körpü kimi deyil, həm də qlobal şəhərsalma ideyalarının, davamlı inkişaf modellərinin və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin kəsişdiyi məkan kimi təqdim etməyə imkan yaradır.
Müəllif Azərbaycan-Çin xəttinə də xüsusi diqqət yetirir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin təməlinin qoyulmasında tarixi rolu, Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün çağırışlarına uyğun uğurla davam etdirməsi, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinlə formalaşmış yüksək etimad mühiti vurğulanır. Si Cinpinin WUF13-ə xüsusi nümayəndəsini göndərməsi, Çinin yüksəksəviyyəli nümayəndəsinin Prezident İlham Əliyevlə görüşməsi və forum çərçivəsində Şanxay mükafatının təqdimatı Çinin Bakı forumuna verdiyi mühüm əhəmiyyətin göstəricisi kimi dəyərləndirilir. Eyni zamanda, Çin təcrübəsi “ağıllı şəhər”lər, yaşıl urbanizasiya, rəqəmsal idarəetmə, dayanıqlı nəqliyyat və şəhər-kənd inteqrasiyası baxımından Azərbaycan üçün mühüm öyrənilə bilən təcrübə kimi göstərilir.
Ümumilikdə məqalədə WUF13 Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində fəal iştirakının, Bakının qlobal dialoq platforması kimi güclənməsinin və Azərbaycan-Çin əməkdaşlığının yeni istiqamətlər üzrə inkişaf potensialının ifadəsi kimi təqdim edilir. Bakı forumunun əsas mesajı ondan ibarətdir ki, gələcəyin şəhərləri yalnız texnologiya və infrastruktur üzərində qurulmamalı, şəhərlərin uğuru isə təkcə tikinti miqyası ilə deyil, insanların təhlükəsiz yaşayışı, iqlim risklərinə hazırlıq, sosial bərabərlik və şəhər mühitinin keyfiyyəti ilə ölçülməlidir. Onun əsas dayaqları təhlükəsizlik, sosial ədalət, iqlim dayanıqlılığı, ekoloji məsuliyyət və insan ləyaqətidir. Həmçinin mənzil artıq sadəcə olaraq sosial təminat məsələsi deyil, təhlükəsiz, inklüziv, dayanıqlı və insan mərkəzli şəhər modelinin əsas dayağıdır.
Qeyd edək ki, “Sinxua” Çin Xalq Respublikasının ən mühüm informasiya agentliklərindən biri olmaqla, ölkənin rəsmi xəbər və informasiya məkanında xüsusi yer tutur və Çin haqqında xəbərlərin beynəlxalq auditoriyaya çatdırılmasında aparıcı platformalardan sayılır. Sosial media hesablarının ümumi izləyici sayı 1 milyardı ötür. “Jenmin Jibao” isə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi qəzeti kimi Çinin ictimai-siyasi və ideoloji informasiya sistemində xüsusi nüfuza malikdir, onun çoxdilli onlayn platforması Çinin mövqeyinin və beynəlxalq gündəmin geniş oxucu auditoriyasına çatdırılmasında mühüm rol oynayır. Saytlar mobil tətbiqlər və sosial media kanalları üzrə 940 milyondan çox oxucuya malikdir.
Bu baxımdan məqalənin hər iki nüfuzlu media resursunda yayımlanması WUF13-ün Bakı gündəliyinin beynəlxalq informasiya məkanında ciddi rezonans doğurduğunu, Azərbaycanın bu sahədəki uğurlarının geniş beynəlxalq auditoriyaya çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını göstərir.
Məqalə ilə aşağıdakı linklərə keçid etməklə tanış ola bilərsiniz:
https://russian.news.cn/20260610/5c470f8c1c494914b6aa38e7ff82c2d6/c.html
https://russian.people.com.cn/n3/2026/0611/c31520-20466295.html
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB