"Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini artırır" - ŞƏRH EDİLDİ

"Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini artırır" - ŞƏRH EDİLDİ

"Cənubi Qafqazın iki ölkəsi - Azərbaycan və Gürcüstanın Türkiyə ilə sıx əməkdaşlığı təkcə bu üç dövlət üçün deyil, bütövlükdə regionun iqtisadi potensialı baxımından da mühüm əhəmiyyət daşıyan bir prosesdir. Çünki Cənubi Qafqaz ümumilikdə tranzit coğrafiya kimi diqqəti cəlb edir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, bu baxımdan həm Azərbaycan, həm də Gürcüstan hazırda mühüm tranzit ölkələr hesab olunur: "Azərbaycanın nəqliyyat və enerji infrastrukturu əsasən Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə və daha geniş bazarlara çıxış əldə edir. Son dövrlərdə isə bu marşrutlara Orta Asiya ölkələrinin də qoşulması müşahidə olunur. Bu isə Cənubi Qafqazın tranzit region kimi strateji əhəmiyyətini daha da artırır.

Belə mühüm əhəmiyyətə malik regionda yerləşən ölkələr arasında, xüsusilə Türkiyə ilə qurulan sıx iqtisadi və siyasi münasibətlər böyük rol oynayır. Azərbaycan, Gürcüstan və Türkiyə artıq ortaq iqtisadi-ticarət modelinin formalaşmasında mühüm rol oynayan dövlətlər kimi çıxış edirlər.

Burada Gürcüstanın mövcud geosiyasi vəziyyəti də müəyyən rol oynayır. Qərb ölkələri Gürcüstanı Rusiya yönümlü siyasət yürütməkdə ittiham etsələr də, Tbilisi bu iddiaları qəbul etmir. Buna baxmayaraq, Avropa İttifaqı və ABŞ ilə münasibətlərdə müəyyən məhdudiyyətlərin yaranması Gürcüstan üçün alternativ əməkdaşlıq istiqamətlərinin əhəmiyyətini artırır.

Bu kontekstdə Azərbaycan və Türkiyə ilə yüksək səviyyəli münasibətlər Gürcüstan üçün mühüm iqtisadi və tranzit imkanları yaradır. Bu əməkdaşlıq Tbilisi üçün həm alternativ çıxış yolu, həm də regional inteqrasiya platforması rolunu oynayır. Gürcüstan da bu platformadan həm öz milli maraqları, həm də regional əməkdaşlıq çərçivəsində geniş şəkildə istifadə edir.

Ümumilikdə, Cənubi Qafqazda gedən geosiyasi, geoiqtisadi və geostrateji proseslər fonunda Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi gözlənilir. Bu üç ölkənin ortaq fəaliyyəti regionda marağı olan digər aktorların təsirindən daha çox müstəqil iqtisadi və strateji əməkdaşlıq xətti üzrə inkişaf edir və gələcəkdə daha da güclənəcəyi proqnozlaşdırılır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə