“İxtisas seçimi zamanı əmək bazarının tələbləri nəzərə alınmalıdır” -EKSPERT DANIŞDI
“Müasir dövrdə abituriyentlərin ixtisas seçimi təhsil sistemi ilə əmək bazarı arasında əlaqələrin ən mühüm göstəricilərindən biri hesab olunur. Son illərdə texnologiyanın sürətli inkişafı, yeni peşələrin yaranması və iqtisadiyyatın tələblərinin dəyişməsi bu məsələnin aktuallığını daha da artırıb”.
Bu sözləri SİA -ya açıqlamasında əməkdar jurnalist , sosioloq Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, əvvəllər gənclər ixtisas seçərkən daha çox şəxsi maraq və istəklərini əsas götürürdülər:
”Əmək bazarında rəqabətin nisbətən zəif olması onlara təhsil aldıqları sahə üzrə iş tapmaqda ciddi çətinlik yaratmırdı. Hazırda isə vəziyyət fərqlidir. Müasir əmək bazarı daha çevik bacarıqlar, peşəkarlıq və dəyişən tələblərə uyğunlaşma qabiliyyəti tələb edir. Bu səbəbdən bir çox abituriyent gələcək məşğulluq imkanlarını nəzərə alaraq seçim etməyə çalışır.
Lakin ixtisas seçiminin yalnız əmək bazarının cari tələblərinə əsaslanması da arzuolunan nəticə verməyə bilər. Çünki insanın maraq göstərmədiyi və ya qabiliyyətinin uyğun olmadığı sahədə uğur qazanması daha çətin olur. Peşə fəaliyyətində yüksək nəticələr əldə etmək üçün əmək bazarının tələbləri ilə şəxsi maraq və bacarıqlar arasında balansın qorunması vacibdir.
Ekspertlər hesab edirlər ki, bu sahədə əsas məsuliyyət yalnız gənclərin üzərinə düşmür. Dövlət səviyyəsində əmək bazarının perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, kadr hazırlığı siyasətinin həmin istiqamətlərə uyğun qurulması və gələcək tələbatın proqnozlaşdırılması mühüm əhəmiyyət daşıyır. Belə yanaşma həm kadr çatışmazlığının, həm də bəzi sahələrdə yaranan kadr artıqlığının qarşısını almağa imkan verə bilər.
Bundan əlavə, peşə hazırlığı, ixtisasartırma kursları, yenidən ixtisaslaşma proqramları və ikinci ali təhsil imkanlarının genişləndirilməsi vətəndaşların əmək bazarındakı dəyişikliklərə uyğunlaşmasını asanlaşdırır. Bu da insanlara yalnız bir peşə ilə məhdudlaşmadan öz bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
İxtisas seçimi zamanı həm əmək bazarının tələbləri, həm də şəxsi maraq və qabiliyyətlər nəzərə alınmalıdır. Əmək bazarının düzgün tənzimləndiyi, gələcək tələbatın dəqiq proqnozlaşdırıldığı və təhsil siyasətinin bu istiqamətdə qurulduğu şəraitdə gənclər daha şüurlu seçim edə, sevdikləri sahədə təhsil alaraq uğurlu karyera qura bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB