“Texnologiyaya nəzarətli və məqsədli yanaşma vacibdir” - EKSPERT RƏYİ

“Rəqəmsal asılılıq digər asılılıq formalarından, məsələn spirtli içkilər, tütün məmulatları və ya qumar oyunları asılılığından mahiyyət etibarilə fərqlənmir. Bu da bir növ psixoloji asılılıqdır və şəxslərin gündəlik həyatına, psixikasına mənfi təsir göstərir. Əgər şəxs özü bu asılılığı idarə edə bilmirsə və vəziyyətdən çıxa bilmirsə, mütləq şəkildə mütəxəssis psixoloq və ya psixiatr müdaxiləsi vacib olur”. Bu sözləri SİA-ya açıqlamasında İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib.

O bildirib ki, digər asılılıqlarda bəzən fizioloji amillər rol oynasa da, rəqəmsal asılılıq daha çox psixoloji səviyyədə inkişaf edir: “Buna görə də düzgün yanaşma və peşəkar dəstək bu problemin həllində mühüm rol oynayır. Rəqəmsal texnologiyadan tamamilə uzaq qalmaq doğru yanaşma deyil. Texnologiya həyatımızda mühüm rol oynayır və onu düzgün şəkildə istifadə etdikdə bir çox fəaliyyət sahəsində istər şəxsi, istər peşəkar sahədə bizə ciddi faydalar verir. Əsas məsələ texnologiyadan necə istifadə etdiyimizdir.

Təəssüf ki, bu gün sosial şəbəkələrdə və texnologiyaya münasibətdə ifrata varmaq halları müşahidə olunur. Məsələn, kafedə oturan bir şəxs içdiyi kofeni və ya yediyi deserti mütləq sosial şəbəkədə paylaşmağa çalışır. Bu davranış artıq vərdişə çevrilmiş bir asılılıq formasıdır. İnsanlar sosial şəbəkələrdə başqalarının həyatına maraq göstərirlər, amma real həyatda qonşusunun həyatı ilə belə maraqlanmırlar. Bu davranış artıq psixoloji problemə çevrilib və faydalı istifadədən çox zərər gətirir.

Əgər texnologiya əmək fəaliyyətimizi, gündəlik həyatımızı asanlaşdırırsa, bu, müsbət haldır. Ancaq o, sosial əlaqələri zəiflədir, real ünsiyyətin qarşısını alırsa, burada artıq psixoloji müdaxiləyə ehtiyac yaranır. Bəzən bir masa ətrafında oturan insanlar bir-biri ilə danışmaq əvəzinə telefona baxır. Bu artıq sosial təcridə və psixoloji uzaqlaşmaya gətirib çıxarır. Rəqəmsal texnologiyadan düzgün istifadə mədəniyyəti formalaşdırılmalıdır. Valideynlər öz davranışları ilə övladlarına nümunə olmalıdırlar. Əgər valideyn gün boyu telefonda vaxt keçirirsə, uşaq da eyni davranışı təkrarlayacaq. Nəticədə gələcəkdə daha ciddi problemlərlə qarşılaşmaq ehtimalı yaranacaq. Bu səbəbdən texnologiyaya nəzarətli və məqsədli yanaşma vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə