Bir vaxtlar stadionların tribunaları səssiz idi. Azarkeşlərin səsi eşidilmirdi, meydançalar boş qalırdı. Komanda oyunu anlayışı isə demək olar ki, yox idi. Fərdi idman növlərində nailiyyətlərimiz vardı, çempionlarımız, rekordçularımız yetişirdi. Amma meydançada kollektiv ruh, komanda nəfəsi çatışmırdı. Bu boşluğu yalnız SSRİ dönəmində qismən hiss etmək mümkün idi. Çünki o zaman futbol bir həyəcan, bir ümid kimi yaşanırdı. Lakin azadlığın, müstəqilliyin gətirdiyi böyük imkanlar hələ meydançalara çatmamışdı.
Son illər isə mənzərə tamamilə dəyişdi. Dövlətin ardıcıl idman siyasəti, regionlarda inşa edilən müasir idman mərkəzləri, uşaq-gənclər məktəblərinə göstərilən diqqət yeni bir nəfəs gətirdi. “Sağlam bədəndə sağlam ruh” prinsipi sadəcə şüar olaraq qalmadı, real həyat tərzinə çevrildi. İnsanlarımız idmanı həyatın ayrılmaz hissəsi kimi qəbul etməyə başladılar. Ən önəmlisi, komanda oyunlarının dirçəlişi başladı.
Qarabağın Lissabon nəhəngi “Benfika” üzərində qazandığı tarixi qələbə bu dirçəlişin ən parlaq nümunəsidir. Əvvəllər yalnız televiziya qarşısında gördüyümüz Avropa nəhənglərinə qalib gəlmək indi reallığa çevrildi. Bu qələbə sadəcə futbolun yox, bütövlükdə Azərbaycan idmanının, xüsusilə də azarkeş ruhunun qələbəsidir.
Bəli, tribunalar yenidən dolur, insanlar artıq stadiona gəlməyi özünə qürur hesab edir. Bu, həm də illərlə axtarılan komanda oyunlarının yenidən doğuluşudur.
Artıq futbol təkcə oyun deyil, milli həmrəyliyin, azarkeşlik mədəniyyətinin, vətənpərvərlik ruhunun təcəssümünə çevrilib. Bu gün tribunada birləşən minlərlə insanın səsi, əslində, xalqın öz gücünə, öz birliyinə inamının səsidir.
Əminəm ki, futbolun bu yüksəlişi digər komanda oyunlarına da yol açacaq. Voleybol, basketbol, həndbol və digər sahələrdə də komanda oyunu anlayışı dirçələcək. Çünki artıq zəmin var – həm maddi-texniki baza, həm də milli ruh.
Unutmayaq ki, müstəqil Azərbaycanın vətənpərvər gəncliyi 44 günlük Zəfər tarixində necə böyük rol oynadısa, meydançalarda da eyni ruhla çıxış edəcək. Çünki Zəfər nəslinin damarlarda axan ruhu yalnız döyüş meydanında deyil, idman meydanında da qalib gəlməyə qadirdir.
Yusif Quliyev
Bütün xəbərlər Facebook səhifəmizdə