Əlcəzair XİN Fransa Milli Assambleyasının qərarına münasibət bildirib

Fransa Milli Assambleyasının 1968-ci il Fransa–Əlcəzair sazişini ləğv etməyə çağıran qətnaməni qəbul etməsi qarşı ölkədə soyuq, lakin kinayəli reaksiya ilə qarşılanıb. SİA xəbər verir ki, Əlcəzairin xarici işlər naziri Əhməd Attaf məsələni tamamilə fransızların daxili işi adlandıraraq bildirib ki, qərarın heç bir hüquqi qüvvəsi yoxdur. Çünki həmin saziş hökumətlərarası beynəlxalq razılaşmadır. “Böyük bir ölkənin seçki yarışında başqa bir ölkənin tarixini alətə çevirməsi təəssüf doğurur”, - deyə Əlcəzairin baş diplomatı deyib.

Nazir “AL24 News” telekanalına müsahibəsində Fransa parlamentində baş verənləri “seçki məqsədli siyasi oyun” kimi qiymətləndirib. “Bu, Əlcəzairə aid məsələ deyil. Bu, Fransa Milli Assambleyası ilə Fransa hökuməti arasında olan daxili məsələdir. Açığı, belə bir mövzu üzərində seçki yarışına girən ölkəni izləmək məyusedicidir,” – deyə Ə.Attaf vurğulayıb. O, hadisəni istehzalı şəkildə cılız adlandıraraq, Fransa siyasətçilərinin populist rəqabətinə eyham vurub.

Fransa Milli Assambleyası Milli Birlik Partiyası (Rassemblement National-RN) tərəfindən irəli sürülən qətnaməni cəmisi bir səs fərqi ilə qəbul edib. Qətnamə 1968-ci ildə imzalanmış Fransa–Əlcəzair immiqrasiya sazişinin ləğvini tələb edir. Səsvermə zamanı RN-ə sağ mərkəzçi partiyalar – Respublikaçılar (LR) və “Horizons” partiyasının deputatları da dəstək veriblər.

Sənəd hüquqi baxımdan məcburi olmayıb, simvolik xarakter daşıyır və iki ölkə arasında onsuz da gərgin olan diplomatik münasibətləri daha da mürəkkəbləşdirə bilər.

Fransa ilə Əlcəzair arasında 1968-ci ildə imzalanmış saziş Əlcəzair vətəndaşlarına Fransa ərazisində immiqrasiya və yaşayış üçün xüsusi üstünlükləri ehtiva edir. Bu razılaşma əsasında Əlcəzair vətəndaşları üçün viza və iş icazələri digər ölkələrdən fərqli, daha asan prosedurlarla əldə edilir.

Son illərdə Fransa siyasətində sağ qüvvələr bu sazişi “imtiyazlı və ədalətsiz rejim” kimi tənqid edərək, onun ləğvini tələb edirlər.

“Məsələ yalnız o halda rəsmi diplomatik problemə çevrilə bilər ki, Fransa hökuməti sazişin ləğvi barədə rəsmi bildiriş göndərsin”, - deyə Əhməd Attaf bildirib.

Ekspertlərə görə, RN-in bu təşəbbüsü 2027-ci il Fransa prezident seçkilərinə yönəlmiş populist manevrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə