İlahiyyatçı Qorxmaz Paşayev ittihamlara cavab verib

Üç gün bundan öncə ilahiyyatçı Qorxmaz Paşayevə qarşı bəzi ittihamlar irəli sürülmüşdür. Bununla bağlı Q.Paşayev SİA-ya açıqlamasında ittihamları cavabsız qoymayıb.

"Bir neçə gün bundan öncə şəxsim barəsində irəli sürülən əsassız ittihamlarla bağlı bildirmək istəyirəm ki, dərc olunan məlumatlar hamısı kökündən yanlışdır və həqiqəti əks etdirmir. Neftçala şəhəri "Sahib Əzzaman" məscidinə imam kimi təyin olunan gündən çalışmışam vəzifə öhdəliklərimi layiqincə yerinə yetirim. Bunun üçün də vəzifə öhdəliyimdə olan camaat namazlarında, cümə namazlarında, mövlud, şəhadət tədbirlərinin və digər dini ayinlərin icrasının həyata keçirilməsində bilavasitə iştirak etmişəm. Təbii ki bu aylar ərzində adi insan həyatında yaşana biləcək hallarla üzləşmişəm. Səhhətimdə yaranmış bəzi nasazlıqlar səbəbindən, valideynimdən uzaq yaşadığım üçün ona baş çəkmək məqsədilə və eyni zamanda hal-hazırda Türkiyə Cümhuriyyəti Van Yüzüncü Yıl Universitetində Sosyal Bilimlər İnstitutunda tarix fakultəsinin modern tarix ixtisasının magistr tələbəsi olduğum üçün zaman-zaman tabe olduğum qurumun rəhbərliyinə ərizə yazaraq icazə istəmişəm. İcazə aldıqdan sonra fəaliyyət göstərdiyim məscidi və ərazini tərk etmişəm. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, insanlara, xalqa və millətə xidmət etmək təkcə namaz qılıb, oruc tutmaqla kifayətlənmir. Eyni zamanda məsciddə olan fəaliyyət də orda yalnız ibadət etməklə məhdudlaşmır. Elə bu səbəbdən də məscidə təyin olduğumuz vaxtdan məsciddə səs sistemlərinin yenilənməsi, yeni azan aparatının və dinamiklərin alınması, sinif otağının yaradılması, Qurani-Kərim kurslarının təşkili, müqəddəs Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə ərzaq yardımının göstərilməsi, tədbirlər vaxtı ehsan tədarükünün görülməsi üçün olan mətbəxin döşəməsinin vurulması, dəstəmazxana və təharətxanın döşəməsinin yenilənməsi, iki yeni yarımçıq təharətxananın istifadəyə verilməsi, məscidin çöl fasadının işıqlandırılması, məscidin həyətinin yaşıllaşdırılması və rənglənməsi görülən əsaslı işlərdəndir. Eyni zamanda ən əsası isə 2004-cü ildən məscid tikilsə də şəraitə uyğun olaraq 2024-cü il tarixə qədər tullantı suları köhnə üsulla, anbar üsulu ilə axıdılırdı. Bu da öz növbəsində anbarın dolmasına və ətraf mühitin korlanmasına səbəb olmuşdur. Müraciətimiz əsasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun şəxsən birbaşa tapşırığı ilə digər qurumların da köməkliyi ilə 40 metr uzunluğunda kanalizasiya sisteminin çəkilməsindən sonra ətraf mühitin çirklənməsinin qarşısı alınmışdır.

Qeyd etdiklərimdən əlavə olaraq nəzərənizə çatdırım ki, hal-hazırda şəxsim tərəfindən birbaşa şəriətə uyğun olaraq cənazə namazlarının qılınması və dəfn mərasiminin həyata keçirilməsi tam olaraq ödənişsiz həyata keçirilir. Gələcək zamanda da rayon rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə cənazə yuyulması, məclislərin idarə olunması mexanizmini də nəzərdən keçirərək insanlar üçün cüzi bir məbləğlə rahat şəkildə şərait yaradılmasını həyata keçirməyə çalışacağıq" - deyə, o öz açıqlamasında bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə