Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB

Qaxda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin üç üzvü ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisədə yeddi nəfər xəsarət alıb.

Qaxdan Şəki istiqamətinə hərəkətdə olan Şəki rayon Cəfərabad kənd sakini, 35 yaşlı Həbib Qurbanovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili “Ford” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Baş vermiş ağır qəza nəticəsində “VAZ 21015” markalı avtomobilin sürücüsü və onun anası, 62 yaşlı Gülnarə Qurbanova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan daha bir sərnişin, sürücünün həyat yoldaşı, 35 yaşlı Aygün Qurbanova isə aldığı ağır xəsarətlərdən Qax Rayon Mərkəzi Xəstəxanasına çatdıqdan bir qədər sonra dünyasını dəyişib.

Sükan arxasında sıxılıb qalan VAZ-ın sürücüsünün meyiti FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıllardan dördü azyaşlıdır.

Faktla bağlı araşdırmalar aparılır.

21:48

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb.

“Ford” və “VAZ-21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. “VAZ” avtomobilinin sürücüsünün meyiti nəqliyyat vasitəsində sıxılıb qaldığından əraziyə FHN-in xilasediciləri cəlb olunub. Digər bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.

Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə