“Xəstəlik müalicə olunmadıqda proqressivləşir və xroniki vəziyyətə keçir” - FİZİOTERAPEVT DANIŞDI

“El arasında qulunc kimi tanınan xəstəlik əslində miozit adlanır. Miozit bir və ya bir neçə qrup əzələnin zəifləməsi, quruması, yorulması, ağrı və iltihabıdır. Bu hal birdən çox əzələ qrupunda müşahidə olunduqda isə polimiozit adlanır”. Bu sözləri SİA-ya açılamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.

O bildirib ki, miozit hər yaşda, hətta uşaqlarda da görülə bilər: “Miozitin əmələgəlmə səbəbləri aşağıdakılardır:

- soyuq havada olmaq
- soyuq hava cərəyanında uzun müddət qalmaq (yelçəkəndə)
- əzələlərin uzun müddət eyni pozada qalması (məsələn, sürücülər, skripkaçılar)
- əzələlərin qıcolması və ya travması nəticəsində zədələnməsi
- virus infeksiyalar
- əzələlərin bakterial, parazitar, toksiki və ya autoimmun zədələnməsi
- steroid dərmanların və statinlərin qəbulu
- çox və uzunmüddətli alkoqollu içkilər qəbul edən insanlarda
- tiroid vəzin hormonal disbalansı
- vitamin “D” səviyyəsinin düşməsi
- Maqnezium və ya Calsium səviyyəsinin pozulması
- əzələ kütləsinin azalması
- bəzən stress faktoru və s.

Miozit kəskin və xroniki olmaqla 2 formada olur. Kəskin forması adətən virus infeksiyalarda, soyuq və travmalar nəticəsində baş verir. Xroniki isə kəskin miozotin müalicə olunmaması zamanı baş verir. İl ərzində miozitlərlə qarşılaşırıq, lakin yay fəslində daha çox kəskin boyun mioziti şikayəti ilə daha çox müraciət olur. Bu isə tez-tez temperatur dəyişikliyi, isinmiş və tərləmiş əzələ qrupunun əsasən boyunun sərinləşdirici, kondisionerlərlə soyudulması zamanı baş verir . Bu zaman pasientin əzələsi bərkiyir, ağrıyır, spastik vəziyyətdə olur, bəzən şişir və hərəkət məhdudluğu əmələ gəlir. Pasient başını çevirə bilmir, qolunu qaldıra bilmir. Bir sözlə, həyat fəaliyyəti məhdudlaşır.

Miozitin müalicəsində kəskin və xroniki fazada fizioterapevtik proseduralar təyin edilir. Fizioterapevtin əsas məqsədi əzələlərdə spazmı, iltihabı, gərginliyi götürmək, toxumalarda qan dövranını bərpa etmək, limfostazı aradan qaldırmaqdan ibarətdir. Bunun üçün isə müxtəlif fizioterapevtik müalicə metodları var və fizioterapevt pasientə və fazasına uyğun olan müalicəni və metodu seçərək, tətbiq edir. Orqanizmaya qarşı diqqətli olmaq vacibdir. Hər bir xəstəlik müalicə olunmadıqca proqressivləşir və xroniki vəziyyətə keçir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə