Bədənimizi milyardlarla canlı ilə paylaşırıq…

Biz insanlar bədənimizi milyardlarla canlı ilə paylaşırıq, “çünki” deyərək izahına keçirik ...

Biz insanlar bədənimizi milyardlarla canlı ilə paylaşırıq, “çünki” deyərək izahına keçirik. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

XXI əsrdə başgicəlləndirici sürətlə inkişaf edən görüntüləmə texnologiyası tibb sahəsində də yeni kəşflərə yol açıb.

Son illər müxtəlif elmi sahələr üzrə aparılan tədqiqatlar nəticəsində əldə edilən və diqqəti çəkən məlumatlardan biri insan orqanizminin təkcə öz hüceyrələrindən ibarət olmayan mürəkkəb və dinamik bir ekosistem olmasıdır. Bağırsaqlarda yaşayan mikroorqanizmlərdən xəbərdar olsaq da, vücudumuzu paylaşdığımız canlıların sayı və onların bədənimizə nisbəti ilə bağlı əldə edilən məlumatlar maraqlı suallar doğurur.

2008-ci ildə Almaniyanın Maks Plank İnstitutundan ingilis alim Rut Ley araşdırma apararaq bədənimizdəki hüceyrələrin yalnız 43 faizinin bizə aid olduğunu ortaya çıxardı. Orqanizmimizdə yaşayan bakteriya, virus, göbələk və arxeyanın ümumi sayı bizim öz hüceyrələrimizdən iki dəfə çoxmuş. İnsan hüceyrələrinin bütün genetik təlimatlarını ehtiva edən 20 min kodu olduğu halda, mikroorqanizmlərdə bu rəqəm 2-20 milyona çatır.

Bədənimizdə yaşayan bütün mikroorqanizmlərə mikrobiota deyilir. Termini ilk dəfə 1958-ci ildə Tibb üzrə Nobel mükafatçısı Coşua Lederberq işlədib. Son 20 ildə isə mövzu ilə bağlı araşdırmalar daha da dərinləşib.

Mikrobiotamızı təşkil edən canlıların ümumi hüceyrələri mikrobiom adlanır və hazırda tibdə yeni orqan hesab olunur. Son tapıntılar mikrobiomumuzu təşkil edən hüceyrələrin ümumi çəkisinin 2 kiloqram olduğunu göstərir.

Mikrobiota bədənin müxtəlif yerlərində, xüsusən də bağırsaqlarda cəmləşir. Bağırsaq mikrobiomu K və B vitaminlərinin sintezində mühüm rol oynayır. Doğuşdan əvvəl müşahidə olunmayan bu hüceyrələr insan dünyaya gələndən sonra vücuda yerləşərək bizimlə yaşamağa başlayır. Elm dünyasında psixiatrik pozğunluqlardan Parkinson kimi müalicəsi olmayan bir çox xəstəliyin mikrobiomlarla əlaqəli olduğu fikri geniş yayılıb. Ona görə də mütəxəssislər insanlara antibiotik preparatlarının necə gəldi istifadəsi ilə bağlı xəbərdarlıq edir. Çünki bu, mikrobiomaya mənfi təsir göstərir və orqanizmin tarazlığını pozur.

“Sağ olaq, sağlıqlı olaq” prinsipi ilə diqqətli olmağa çalışaq ki, özümüzdən başqa heç vaxt heç kimə möhtac olmayaq: son günə qədər çayımızı belə özümüz dəmləyib rahat içə bilək.

Bütün xəbərlər Facebook səhifəmizdə