Rusiyanın təhlükəsizlik problemi - Dağıstanda terror - TƏHLİL

Son illərdə Dağıstan Respublikası Rusiyanın Şimali Qafqaz regionunda artan terror aktlarının müşahidə olunduğu region kimi seçilir. Xüsusilə 23-24 iyun tarixləri arasında baş verən hadisələr regionda təhlükəsizlik narahatlığını daha da artırır və beynəlxalq ictimaiyyətin diqqətini çəkir.

Hücumlar Dağıstanın böyük şəhərlərində, xüsusilə Dərbənd və Mahaçqalada baş verib. Silahlı şəxslərin iki sinaqoqu, iki kilsəni və bir polis məntəqəsini hədəf alması şiddətli toqquşmalara səbəb olub. Hücumlar nəticəsində azı 15 polis əməkdaşı, bir rahib və mühafizə əməkdaşı həyatını itirib, çoxlu sayda mülki şəxs isə yaralanıb.

Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Sergey Melikov bildirib ki, “Hücumlarda mülki şəxslərlə yanaşı, 15-dən çox polis əməkdaşı da həlak olub. Xüsusilə Dərbənddəki Məryəm Anakilsəsinin arxiyepiskopu Nikolay Kotelnikovun vəfat etməsi hücumların bölgədəki dini və mədəni strukturları hədəf aldığının göstəricisidir”. Hücum edənlərin şəxsiyyəti və əlaqələri hələ tam dəqiqləşdirilməsə də, Rusiya Kəşfiyyat Komitəsinin verdiyi açıqlamalarda hücumların beynəlxalq terror təşkilatları ilə əlaqəli olduğu iddia edilib. Bu vəziyyət regionda təhlükəsizlik problemlərini ortaya çıxarmağa və beynəlxalq terrorizm təhlükəsini önə çıxarmağa şərait yaradır.

Belə ki, Dağıstanda baş verən terror aktları regionun siyasi və sosial sabitliyini dərindən sarsıdıb. Bölgədə yaşayan insanların təhlükəsizliyinin bərpa oluna bilmədiyi bu vəziyyətdə Rusiyanın bölgədə antiterror siyasətinin effektivliyi də sual altındadır. Beləliklə bu hücumlar regionda etnik və dini qruplar arasında gərginliyi artıraraq sülh və əminamanlığı təhdid edir.

Nəticə olaraq Rusiya illər sonra yenidən Dağıstanda terrorla mübarizə əməliyyatlarını gücləndirməli olub. Belə ki, bir çox etnik və dini qruplara ev sahibliyi edən Rusiya öz milli təhlükəsizliyini və regional sabitliyinin qorunması üçün həyəcan təbili çalıb. Bununla belə, beynəlxalq səviyyədə daha çox əməkdaşlıq və koordinasiyanın tələb olunduğu anti-terror əməliyyatında Rusiyanın işi bir qədər çətin görünür. Belə ki, Rusiyanın Ukraynada yürütdüyü müharibədən sonra dünyadan təcrid olması, bu kontekstdə beynəlxalq ictimaiyyətin bölgədəki dəstəyini kəsir.

Yekun olaraq qeyd edək ki, Dağıstanda baş verən son terror aktları regionda mürəkkəb təhlükəsizlik dinamikasını və beynəlxalq terrorizm təhlükəsini önə çəkdi. Rusiyanın regionda təhlükəsizlik problemlərinə qarşı gördüyü tədbirlər və milli təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyi səylər qarşıdakı dövrdə regionda sabitliyin bərpasında mühüm rol oynayacaq.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə