Ukrayna prezidenti Vladimir Zelenski Rusiya əsirliyində olan 10 Ukrayna vətəndaşının mübadilə nəticəsində azad edildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zelenski hesabındakı paylaşımında “Bütün çətinliklərə baxmayaraq, daha 10 nəfəri rus əsirliyindən xilas edə bildik” - deyib.

Zelenski əsirlərin azad edilməsində əməyi olanlara təşəkkür edib və bütün əsirlər xilas edilənə qədər səy göstərəcəklərini bildirib.

Rusiya ilə Ukrayna arasında razılaşdırılmış mübadilə nəticəsində azad edilənlər arasında Krım Tatar Milli Məclisinin sədr müavini Nəriman Cəlal da var.

Cəlal 2021-ci ildə Krımda Rusiya təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib. Rusiya kəşfiyyatı 23 avqust 2021-ci ildə Akmescit yaxınlığındakı Anqara kəndində təxribat aksiyası keçirildiyini iddia edərək aksiyanın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Krım Tatar Milli Məclisi tərəfindən təşkil edildiyini iddia etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə