ABŞ Asiyada hərbi ittifaqlarını gücləndirir...

Təbii ki, Çin və Şimali Koreya ilə mübarizə aparmaq üçün...

...Deməli, ABŞ Yaponiya və Cənubi Koreya ilə birlikdə Şərqi Çin dənizində ilk çoxməqsədli “Freedom Edge” təlimini başa vurub.

Əslində bu, Vaşinqtonun Şimali Koreya və Çindən artan təhdidlər fonunda əsas Asiya müttəfiqləri ilə əlaqələri gücləndirmək səylərində irəliyə doğru bir addım idi.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Associated Press” yazır.

Qeyd edilməlidir ki, suda və havada eyni vaxtda keçirilən manevrlər birgə müdafiə və kəşfiyyatın təkmilləşdirilməsi üçün nəzərdə tutulmuşdu.

Agentlik bildirir ki, onlar, həmçinin Pxenyanın getdikcə daha təkmilləşən sistemləri sınaqdan keçirməsi ilə vacib olan raket hücumları barədə xəbərdarlıqları paylaşmaq qabiliyyətini artırmalıdırlar.

Eyni zamanda, növbəti illərdə genişlənməsi gözlənilən bu cür təlimlər gərginliyi artırma riski daşıyır.

Xatırladaq ki, Çin dəfələrlə özünün təsir dairəsi hesab etdiyi bölgələrdə manevrləri pisləyib.

Maraqlıdır ki, Şimali Koreya bu arada ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan “Teodor Ruzvelt”in Busan limanına gəlməsini “təxribatçı” və “təhlükəli” adlandırıb.

Bunu da “Associated Press” yazıb.

Yeri gəlmişkən, Şimali Koreya bu gün sərt beynəlxalq sanksiyalara baxmayaraq, silah proqramlarının sürətini genişləndirməkdədir.

Çin isə fəal şəkildə hərbi gücünü artırır və hazırda dünyanın ən böyük donanmasına sahibdir.

Və bundan əlavə, Pekin və Pxenyan Ukrayna münaqişəsində Moskvanın əsas müttəfiqləridirlər.

Bunu bəyan edən “Associated Press” yazır ki, hər iki ölkənin, yəni Tokio və Seulun Amerikanın Şərqi Asiyadakı müttəfiqləri arasında ən böyük orduya malik olmalarına baxmayaraq, amma onların qeyri-bərabər münasibətləri Vaşinqtonu onlarla birlikdə deyil, ayrı-ayrılıqda işləməyə vadar edib.

...Və o da xatırladılır ki, Donald Trampın dövründə ABŞ hər iki müttəfiqi ilə ziddiyyətləri artırmışdı, çünki o, ABŞ qoşunlarını qəbul etmək və Kim Çen Inla görüşlər keçirmək üçün onlardan daha çox pul ödəmələrini tələb edirdi.

Amma Bayden administrasiyası, əksinə, getdikcə daha mürəkkəb təlimlər və diplomatik razılaşmalar vasitəsilə müttəfiqlik sistemini gücləndirməyə çalışır.

Bu da “Associated Press”in fikridir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə