Putin husiləri qanadlı raketlərlə silahlandırmaq istəyir..?

ABŞ kəşfiyyatı deyir...

...Putin Səudiyyə Ərəbistanından Yəmən husilərinə qanadlı raketlər ötürmək üçün icazə istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ kəşfiyyatına istinadən Middle East Eye-a yüksək rütbəli ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla əlaqə saxlayıb, lakin o, husilərin silahlanmasına qarşı çıxıb və Rusiyadan belə bir sövdələşməyə getməməsini istəyib.

Deyilənlərə görə, danışıqlar Putinin dekabr ayında Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfərindən sonra baş tutub. Sonra Yəmənin Ənsar Allah hərəkatının nümayəndə heyəti prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşmək üçün Moskvaya gəlib.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun raket eksperti Fabian Hinz bildirib ki, husilər Rusiyadan yerdən atılmağa çevrilə bilən Kh-31 hava-yer tipli gəmi əleyhinə raket almağa ümid edirlər.

Qeyd edək ki, ötən ilin noyabrından Yəmən üsyançıları İsrailin Qəzza zolağında oktyabrın 7-də HƏMAS silahlılarının yəhudi dövlətinə hücumundan sonra başlayan müharibəyə cavab olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər.

Yeri gəlmişkən, ABŞ qorxur ki, əgər İsrail Livanda İranın nəzarətində olan şiə qruplaşması Hizbullaha qarşı hücuma keçərsə, bu, Rusiyanı husilərlə razılaşmanı bərpa etməyə sövq edə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə